Kreml Paşinyanı qəbul etmir

Baş nazir Rusiyaya qarşı növbəti anti-kampaniyaya start verəcək

Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanmasından əvvəl rusiyalı həmkarı Vladimir Putinlə apardığı danışıqlarla bağlı bəzi məqamları açıqlayıb. Baş nazir vurğulayıb ki, Bəyanat imzalanandan xeyli əvvəl dəfələrlə Kreml rəhbərinə zəng edərək müharibəninin dayandırılmasında vasitəçi olmağı xahiş edib. Paşinyanın sözlərinə görə, Putin ona deyib ki, münaqişənin nizamlanması Rusiyanın təkliflərinə uyğun olmalıdır. Moskvanın təkliflərinə isə işğal altındakı rayonları Azərbaycana qaytarmaq və bölgədə Rusiya sülhməramlılarını yerləşdirmək daxil olub.

Paşinyanın dediyinə görə, o da öz təkliflərini bildirib və onlar daxili müzakirələrdən sonra yenidən zəngləşməyi razılaşdırıblar. Erməni baş nazir etiraf edib ki, Ermənistan hökumətinin sabiq rəsmiləri, siyasətçiləri, o cümlədən keçmiş dövlət başçısı Robert Koçaryan müharibənin dayandırılmasına razılıqlarını ifadə ediblər. Şübhəsiz ki, buna erməni ordusunun cəbhədəki ardıcıl məğlubiyyətləri səbəb olub. Növbəti gün Putin ona zəng vurub və bildirib ki, Azərbaycan tərəfi sülhməramlıların təmas xətti boyunca yerləşdirilməsinə razıdır. Lakin Ermənistanın hökumət başçısı bununla razılaşmayıb. Paşinyan əlavə edib ki, həmin vaxt Cəbrayıl, Hadrut və bir sıra ətraf kəndlər Azərbaycan Ordusunun nəzarəti altına keçmişdi. Həmçinin humanitar atəşkəs haqqında iki razılaşma pozulmuşdu. Beləcə, müharibə davam edib. Bir neçə gün sonra aparılan növbəti danışıqlardan sonra Ermənistanın baş naziri atəşkəs haqqında 10 noyabr Bəyanatına imza atmağa məcbur olub.

Şübhəsiz ki, bütün bunlar Paşinyanın öz versiyasıdır. Ölkədə kütləvi narazılıqlarla qarşılaşan hökumət başçısının xalqa açıqlamadığı və ya təhrif etdiyi, habelə gizlətdiyi digər məqamlar da mövcuddur. Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin də Nikol Paşinyanla danışıqlar zamanı Ermənistanın baş nazirinin təkliflərindən təəccübləndiyini etiraf etmişdi. Kreml rəhbəri qeyd etmişdi ki, Ermənistanın 10 noyabr Bəyanatından imtinası bu ölkənin intiharı olardı. 

Paşinyanın etiraflarını “Şərq”ə dəyərləndirən Cənubi Qafqaz Sülh və Münaqişə İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, Ermənistan baş nazirinin Rusiyaya rəsmi səfərinin baş tutmaması, əsasən, Prezident Armen Sarkisyanın Moskavada bu səfərə mane olmasıdır. Onun sözlərinə görə, Sarkisyan Moskvada erməni iş adamları ilə görüşdə Paşinyan hökumətini istefaya çağırdı:

“Prezident Armen Sarkisyan “Koçaryan-Sarkisyan klanı”na yaxın şəxsdir və Moskva ilə təmasları mövcuddur. Məhz Moskvadan Armen Sarksiyanın Paşinyanı istefaya çağırması Kremllə razılaşdırılmış bir prosesdir. Paşinyanın Putin tərəfindən qəbul edilməməsi, Moskvanın ona etimad etməməsindən irəli gəlir. Baş nazir Rusiyaya rəsmi səfərində Putindən iqtisadi və Qarabağ məsələsində ciddi güzəştlər əldə etmək istəyirdi. Bu da ölkə daxilində reytinqini yüksəltməyə, hakimiyyətini gücləndirməyə hesablanmışdı. Müharibədə ciddi məğlubiyyətə uğrayan, müxalifətin təzyiqi ilə üzləşən Paşinyana Kremlin dəstəyi həyati əhəmiyyət kəsb edirdi”. 

Analitikə görə, Rusiya prezidentinin Paşinyanın təkliflərini qəbul etməsi, onun hakimiyyətdə güclənməsinə və daxildə anti-Rusiya ovqatının güclənməsinə səbəb olacaqdı:

“Moskva Paşinyana etibar etmədiyini onun Moskvaya rəsmi səfərini qəbul etməməklə göstərir. Paşinyan ölkə daxilində Rusiyaya qarşı növbəti anti-kampaniyaya start verəcək. Bir müddətdən sonra Gümrüdən Rusiya hərbi bazasının çıxarılmasını müxtəlif vasitələrlə tələb edəcək. Rusiya Ermənistanda “Vətən” partiyasının sədri Artur Vanetsyan vasitəsilə yeni siyasi mərhələyə başlanması istiqamətində iş aparır”. 

M.Əsədullazadə bildirib ki, Ermənistanda siyasi vəziyyətin hansı istiqamətdə davam etməsinə baxmayaraq bu ölkənin Qarabağ məsələsində siyasi iradəsi tənəzzzülə uğrayıb:

“Azərbaycan bəzi məsələləri Rusiya ilə həll edəcək. Hətta Naxçıvana Qafandan keçməklə dəmiryolunun çəkilişini Rusiya ilə birgə həyata keçirəcək. Ermənistanın 30 ilə yaxın işğal siyasəti fiaskoya uğramaqla yanaşı, bu ölkə Rusiyadan tam asılı vəziyyətə düşdü”.