Çarəsiz Ermənistan...


Müxalifət də xalqın etimadını qazana bilmir

Paşinyanın qarşısına 3 min etirazçı çıxarmaq biabırçılıqdı

Baş naziri istəsə Putin devirə bilər, ancaq hələlik bu ona sərf etmir


Ermənistanda müxalifətin bir neçə gün əvvəldən hazırlaşdığı mitinq ötən həftənin şənbə günü baş tutdu. Mitinqin yekunu olaraq baş nazir Nikol Paşinyana 3 gün vaxt verildi ki, istefa versin. Müxalifət baş nazirə qarşı sərt tədbirlər görə biləcəyini açıq şəkildə bildirərək, faktiki olaraq Paşinyana, “ya öz xoşunla hakimiyyətdən get, ya da biz sənə fiziki güc tətbiq edərək kürsüdən qovacağıq” deyə ultimatum verib. Müxalifətin baş nazir postuna vahid namizədi Vazgen Manukyan mitinqdəki çıxışında deyib ki, Paşinyan nə qədər tez istefa versə, onun üçün daha yaxşı olacaq. Əks halda qəzəbli insanlar Paşinyanı “parçalayacaq”. “Daşnaksutyun”un rəsmisi İşxan Saqatelyan da baş nazirin istefa verməyəcəyi təqdirdə Ermənistanın bütün ərazisində vətəndaş itaətsizliyi aksiyalarının başlayacağını deyib.

Hökumətə qarşı etirazlara dolayı yolla Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da qoşulub. O hesab edir ki, müxalif siyasətçinin sözləri son dərəcə təhlükəlidir və bu, vətəndaş müharibəsi ilə nəticələnə bilər: “Bunlar sadəcə sözlər olsaydı, narahatlığa səbəb olmazdı. Ancaq Manukyan minlərlə tərəfdarı ilə baş nazirin iqamətgahını əhatəyə alıb və onun çıxışı açıq şəkildə zorakılığa hazır olduqlarını göstərir. Baş nazirin vəzifəsi də az təhlükəli deyil. Onun ritorikası və davranışı, vəzifədən getmək istəməməsi qarşıdurmaya hazır olduğunu göstərir. Hər iki tərəf qərarlı olarsa, münaqişə qaçılmazdır. Hər ikisinin də parlamentə "basqın" etmək təcrübəsi var - 1996-cı ildə Manukyan, 2018-ci ildə Paşinyan. Ancaq 2018-ci ildə iqtidar hakimiyyəti Paşinyana tapşırmışdısa, bu gün mövcud baş nazirin bənzər bir addım atmağa hazırlıq görmədiyi açıq görünür”. Erməni politoloq Aleksandr İsgəndəryan hesab edir ki, Paşinyana qarşı etirazlar geniş kütlələrdən çox, elitanı əhatə edir. İsgəndəryan baş verən etirazların elə də böyük olmadığını deyib: “Bu, o demək deyil ki, Paşinyan xalq arasında populyardır. Başa düşülən odur ki, geniş kütlələrdə etiraz var və o, getdikcə artır. Paşinyanı hakimiyyətdə saxlayan məqam əhalinin yorğunluğu, iki ildən sonra daha bir inqilab keçirməmək istəyi ilə bağlıdır”. Onun sözlərinə görə, Ermənistanda hələ də güclü müxalif qüvvə yoxdur. 

Nikol Paşinyana müxalifət tərəfdən verilən vaxt dekabrın 8-i bitsə də, baş nazirin istefa vermək niyyətində olmadığı aydın görünür. Həm də məlumdur ki, Rusiya Prezidenti Vladimir Putin Nikol Paşinyanı müəyyən mənada müdafiə etməyə başlayıb. Hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında təşkilat üzvlərini dolayısı ilə Nikolun hökumətinə kömək etməyə çağırıb. Görünür, o da belə qənaətə gəlib ki, hazırkı baş nazir digər iddiaçılardan daha əlverişlidir. Digər diqqətçəkən məqamlardan biri isə birgə müxalifətin mitinqinə çox az sayda adamın qatılması idi. 



Ermənistandakı qarışıqlığı “Şərq”ə təhlil edən “Bakı” Politoloqları Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib ki, mitinqdə insanların azlığı birləşmiş müxalifət üçün şok oldu. Ekspertin sözlərinə görə, müharibədə uduzan bir dövlətin hökumət başçısına qarşı bütün müxalifətin bu qədər az sayda adam toplaması, onların adına biabırçılıq idi:

“Bəs niyə ermənilərin bir çoxu hələ də Paşinyandan üz döndərməyib? Əgər müharibədən sonra cəmiyyətin emosional vaxtında xalqın əksəriyyəti ayağa qalxmırsa, bir müddətdən sonra müxalifət daha az sayla mitinqlər keçirəcək.

Məsələ ondadır ki, Ermənistanda üstünlük təşkil edən və Qərbə simpatiya bəsləyən erməni gənclər, ölkədəki vətəndaş cəmiyyəti institutları da Paşinyanın yanındadırlar.

2018-ci ildə Serj Sarkisyana qarşı mitinqlərdə 100-300 min adam nümayiş keçirdiyi halda, müharibənin əsas günahkarı Nikola qarşı meydana 10 min adam çıxarmaq gülünc durumdur. Hər bir inqilabda hakimiyyət dəyişikliyi üçün xarici oyunçu əsas təkanverici qüvvə olmalıdır.

Bu mitinqlərin arxasında heç bir xarici dövlət durmayıb. Rusiya Ermənistanda hakimiyyət dəyişikliyində maraqlı deyil. İndi Qarabağda ciddi proseslər gedir. O ki qaldı mitinqdə müxalifətin təqdim etdiyi lider Vazgen Manukyanın çıxışına, bu qocanın dedikləri eyforiya və populizmdən başqa heç nə deyildi. Manukyan hadisələri adekvat dəyərləndirmədiyini öz çıxışında sübut etdi.

Ermənistan cəmiyyəti hakimiyyətdə Rusiyanın adamlarını, Qarabağ ermənilərini və irqçi-faşist təfəkkürlü şəxsləri görmək istəmir. Ermənilər Avropanın bir üzvü olmağa can atırlar. Müharibə onların Qərbə simpatiyasını daha da artırıb. Lakin bütün bunlar o demək deyil ki, Paşinyanı dəyişmək mümkün deyil. Əlbəttə, mümkündür, təbii ki, əgər Putin istəsə. Hələlik Kreml rəhbəri üçtərəfli sazişin tez bir şəkildə icra edilməsini istəyir”.