Keçmiş unudulmur Köçəryan-Sarkisyan cütlüyü xilaskar ola bilməz

Müharibə canilərinə meydan verilsə, ermənilər bugünkü vəziyyətlərinə şükür edəcəklər

Ermənistanda mövcud olmuş bütün hakimiyyətlər erməni cəmiyyətinə “Türk sənin düşmənindir, Azərbaycanın əksər torpaqları “Böyük Ermənistan”ın bir parçasıdır” uydurmasını aşılayıblar. Bu uydurmalar üzərində qurulmuş siyasət təkcə Azərbaycanın Qarabağı işğaldan azad etməsi ilə deyil, həm də Ermənistanın ciddi çağırışlar və təhlükələrlə üz-üzə qalması ilə nəticələndi. İrəvandakı hərbi-siyasi elita münaqişənin nizamlanmasını uzatmaqla vaxt udmağa çalışdılar.

Zənn etdilər ki, Azərbaycan Rusiya faktorunu nəzərə alaraq işğal altındakı torpaqlarını müharibə yolu ilə geri almağı düşünməz.  Əslində, 2016-cı ilin aprel döyüşləri vaxtı regionda baş verənlər Ermənistan hakimiyyətinə bir siqnal olmalı idi. Lakin o vaxt Sarkisyan, daha sonra Paşinyan hakimiyyəti bu hadisələrdən düzgün nəticə çıxarmadı. İndi hamının məğlubiyyətlə bağlı Paşinyanı ittiham etməsi fonunda baş nazir sabiq rəhbərləri günahlandırır. Paşinyan beynəlxalq ictimaiyyətin Ermənistanı işğalçı kimi tanımasına görə məhz Köçəryan-Sarkisyan hakimiyyətinin məsuliyyət daşıdığını bildirir. Paşinyanı təslim olmaqda ittiham edən Serj Sarkisyan və Robert Köçəryan nədənsə unudurlar ki, 2016-cı ilin aprel döyüşləri vaxtı Sarkisyan da xələfi Paşinyan kimi Moskvaya zəng edərək xilas üçün yalvarmış, Azərbaycanın şərtlərini qəbul edəcəyini bildirmişdi. Utanmazlıq bu cütlüyün qanına o qədər hopub ki, yaranmış vəziyyətdən istifadə edərək, yenidən hakimiyyətə qayıtmaq istəyirlər. Azərbaycan xalqının qatı düşməni Köçəryan bu məsələdə daha həvəsli görünür. 30 ildir həm bölgədə gərgin vəziyyətin, düşmənçilik münasibətlərin davam etməsinin, həm də Azərbaycan və erməni xalqlarının başına açılan oyunların baş rolunun ifaçılarından olan Köçəryan-Sarkisyan cütlüyü, yaxud onların adamı yenidən hakimiyyətə gələcəksə, bundan ən çox ziyan çəkən də elə erməni xalqı olacaq. 

Politoloq Ceyhun Əhmədli deyib ki, Sarkisyan-Köçəryan cütlüyü Azərbaycan xalqının cəlladları kimi tarixə həkk olunublar. Analitik bildirib ki, məhz onların rəhbərlik etdiyi terrorçu dəstələr Azərbaycan xalqını etnik təmizləməyə məruz qoyub:

“Bir milyona yaxın soydaşımızın öz torpaqlarından didərgin düşməsinin günahkarları həmin cəlladlardır. Təəssüf doğuran məqam ondan ibarətdir ki, torpaqlarımızın işğal altına düşməsində baş rolun ifaçısı olan bu iki cani sonradan həmin zehniyyətlə 20 ildən çox müddət ərzində Ermənistan dövlətinin sükanı arxasında oturdular. Hərçənd, erməni xalqı Paşinyandan umduğunu görməsə də, bugünkü faciəvi mənzərənin memarı heç də təkcə Paşinyan deyil. Azərbaycan Prezidentinin də ifadə etdiyi kimi, biz keçmiş kriminal rejimin yaratdığı ordunu darmadağın etmişik.

Paşinyan heç kimdir. O, cəmi 2 il yarımdır hakimiyyətdədir. Ermənistan isə 30 ilə yaxındır Qarabağda müdafiə istahkamları qurur, bölgəyə silah və texnika yığırdı. “Ohanyan xətti”, “Məğlubedilməz ordu” mifləri də sabiq erməni xuntasının uydurduğu saxta təsəvvürlər idi. Şanlı Ordumuz bu mifləri 44 gün ərzində darmadağın edərək Köçəryan-Sarkisyan cütlüyünün Azərbaycan xalqına yaşatdığı zülmlərin qisasını döyüş meydanında aldı”. 

C.Əhmədliyə görə, haqq mübarizəmiz hüquq müstəvisində də davam edəcək:

“Əli qana bulanmış o canilər Beynəlxalq Cinayət Məhkəməsi qarşısında mühakimə olunmalıdırlar. Ədalət o zaman tam zəfər çalacaq. Bu şəxslərin yenidən hakimiyyət uğrunda mübarizəyə qoşulması kənardan çox acınacaqlı və miskin görünür. Məgər diz çökən, rüsvayçı məğlubiyyətə düçar olan ordunu bunlar yaratmamışdımı? Əslində erməni xalqı üçün tarixi bir fürsət yaranıb. Onlar hakimiyyətdə sağlam qüvvələrin olmasını təmin edə bilsələr, heç olmasa bundan sonra normal həyat yaşamağa nail olarlar. Yox əgər eyforiyaya qapılıb yenidən müharibə canilərinə meydan versələr, bugünkü vəziyyətlərinə şükür edəcəklər”.