Kremlin xəritə planı “suya düşəcək”: “Sülhməramlıların “ömrü” gödəlir...”

“Biz onu bilməliyik ki, rəsmi Bakının təsdiqləmədiyi istənilən xəritə kağız parçasından başqa bir şey deyil”

“Bilirsiniz ki, türk hərbçiləri artıq Qarabağdadır. Onların sayının artırılması gündəm mövzusudur”

“Rusiya Azərbaycan- Türkiyə ittifaqını qəbul etməsə, Qarabağdakı mövcudluğu sual altına düşəcək”

Rusiya Müdafiə Nazirliyi Qarabağda həyata keçirilən sülhməramlı missiyasının 17 dekabrda müəyyənləşən yeni xəritəsini açıqlayıb. Yenilənmiş xəritə Rusiya Müdafiə Nazirliyinin sülhməramlı missiya ilə bağlı yaradılmış bölməsində yerləşdirilib. Bu dəfə Laçın dəhlizi sülhməramlılar üçün ayrıca patrul zonası kimi təqdim olunub.

Bundan başqa rus sülhməramlılarının şimalda Tərtər rayonu istiqamətində nəzarəti bir az genişləndirdiyi aydın görünür.
Deyəsən, bu da hər şeydən “əlləri üzülən” seperatçıların sonuncu variantıdır. Bəli, tərtib edilən xəritələr ermənilərin dediklərini aşağı-yuxarı təsdiqləyir. Amma tarixin dediyi başqadır…

Gəlin, reallıqlar barədə tarixçi-alim Dilavər Əzimlinin “Sherg.az”a açıqlamasından nəticə çıxaraq: 

“Hərbi əməliyyatlar başa çatsa da, informasiya müharibəsi hələ davam edir. Ona görə də belə xəritələr çox olacaq, Rusiyanın birbaşa iştirakı ilə informasiya təxribatları törədiləcək. Nəzərə almaq lazımdır ki, şimal qonşumuz proseslərdəki iştirakını qorumaqdan ötrü hər şey etməyə hazırdır. Kreml Ermənistanı yenidən tamamilə öz nəzarəti altına keçirmək naminə belə vasitələrdən yararlanır.

Amma Ermənistanda Rusiyanın nüfuzu zəifləyir. Belə olan halda Moskva məhz sülhməramlıların komandiri Rüstəm Muradovun vasitəsilə reytinqini artırmağa, ermənilərin yanında olmağa çalışır”.

D.Əzimlinin fikrincə, sözegedən məkrli planların hər biri “suya düşəcək”: 

“Dediyim kimi, gələcəkdə bu cür təxribatların təkrarlanmasını istisna etmirəm. Lakin Azərbaycan- Türkiyə ittifaqı getdikcə möhkəmlənir. Yəni biz yayılan xəritələrdən asılı olmayaraq öz sözümüzü deyirik və dəyəcəyik.

İstənilən proses Azərbaycanın xeyrinə davam edir. Biz onu bilməliyik ki, rəsmi Bakının təsdiqləmədiyi istənilən xəritə kağız parçasından başqa bir şey deyil.

İndi həmin yerlərdə Azərbaycan bayrağı dalğalanır və yaxın gələcəkdə daha çox məntəqədə üçrəngli bayrağımız düşmənə göz dağı olacaq. Bilirsiniz ki, türk hərbçiləri artıq Qarabağdadır.

Onların sayının artırılması gündəm mövzusudur. Hətta, fikrimcə, Rusiya Azərbaycan- Türkiyə ittifaqını qəbul etməsə, Qarabağdakı mövcudluğu sual altına düşəcək.

Bu isə o deməkdir ki, bölgədəki sülhməramlıların “ömrü” uzun olmaya bilər”.