Dərman möhtəkirliyi ! – “Süni qiymət artımı yaradırlar” - Cinayətdir !

“Pandemiyanın olduqca təhlükəli vəziyyət aldığı zamanda belə insanlara meydanı buraxmaq olmaz"


Koronavirus artıq 1 ilə yaxındır ki, bütün dünyanı cənginə alıb. İnsanlar özünü nə qədər qorusa da bu gün vəziyyət heç də ürəkaçan deyil. Hazırda COVİD-19 infeksiyasına yoluxma halları  bütün dünyada,həmçinin ölkəmizdə olduqca yüksəkdir. Məsələn elə bu gün Azərbaycanda koronavirusa 2334 yeni yoluxma faktı qeydə alınıb. 4461 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb,  46 nəfər vəfat edib. Belə bir çətin məqamda insanlara  ən çox lazım olan dərman vasitələridir. Lakin bəzi dəllalların süni qiymət artımı  yaratması nəticəsində dərmanların qiyməti olduqca şişirdilib. 

Bir neçə gün öncə jurnalist Elnurə Abuşova “Facebook” hesabından bu məsələyə etirazını bildirib: 
"Sentyabrın sonu vitamin “c-1000i” 13manat 40 qəpiyə almışdım. Dünən 18 manata. Dərmanlarda qiymət artımı biabırçılığına son qoyulmalıdır. Kim nəzarət edir? Gözü kordur?" 



Sözügedən məsələyə münasibət bildirən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, həkim Sərdar Cəlaloğlu "Sherg.az"a bildirib ki, ölkəmizdə möhtəkirliklə mübarizə yox dərəcəsindədir: 

"Xalqın düşdüyü bu vəziyyətdən kimlərsə öz xeyrinə istifadə edir. Belə bir bəlanın tüğyan etdiyi vaxtda möhtəkirlər də öz işindən qalmır.  Ölkəmizdə möhtəkirlik istənilən sahədə özünü büruzə verir. Əvvəl daha çox qida sahəsində bu hallar baş verirdi.

Hazırda isə dərman vasitələri də süni qiymət artımına məruz qalır.   Belə bir zamanda möhtəkirliklə məşğul olan şəxslər barədə ən sərt tədbirlər görülməlidir.

Çünki belə hərəkətlər birbaşa cinayətdir. Fikrimcə, bununla bağlı hüquq-mühafizə orqanları daha ciddi məşğul olmalı, həmin şəxslər barəsində ciddi tədbirlər görülməlidir. 

Azərbaycanda möhtəkirliklə mübarizə çox zəifdir, məhz buna görə onlar işlərini rahat şəkildə görürlər. Pandemiyanın olduqca təhlükəli vəziyyət aldığı zamanda belə insanlara meydanı buraxmaq olmaz".

Aytac Ali