Onların əsas missiyası erməni silahlılarının Qarabağdan tamamilə çıxarılmasını təmin etmək idi
Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı fəaliyyətindən də danışıb. Dövlət başçısı bildirib ki, sülhməramlı qüvvələrin funksiyası və səlahiyyətləri noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda əksini tapıb: “İndi onlar orada humanitar işlərlə məşğuldurlar, halbuki, Bəyanatda bu funksiya təsdiq olunmayıb. Biz buna göz yumuruq. Nə üçün? Çünki başa düşürük ki, orada insanlar yaşayır, qış gəlib, hava soyuqdur. Müəyyən işlər görülməlidir ki, orada yaşayan ermənilər üçün problem yaratmasın. Ona görə imkan veririk. Yüklərin böyük hissəsi oraya Azərbaycan ərazisindən gedir.
Əlbəttə, biz imkan verməyə də bilərdik”. Ölkə rəhbəri sülhməramlılarla bağlı iradını bu ifadələrlə dilə gətirib: “Fransadan bir parlament heyəti Dağlıq Qarabağa getdi. Əfsuslar olsun ki, sülhməramlı qüvvələr onlara bu icazəni verdilər. Halbuki, sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz”.
Təxribatlara göz yuman və bəzən şərait yaradan Rusiya sülhməramlıları ilə bağlı narazılığı “Şərq”ə dəyərləndirən AĞ Partiya sədri Tural Abbaslı deyib ki, bu qüvvələrin fəaliyyəti dövlət başçısından tutmuş sıravi vətəndaşa qədər bütün Azərbaycan ictimaiyyətini narahat edir. Partiya rəhbərinin sözlərinə görə, narazılıq doğuran məqam odur ki, Rusiya sülhməramlıları qanuni missiyanı yerinə yetirmirlər:
“Onların əsas işi erməni silahlılarının Qarabağdan tamamilə çıxarılmasını təmin etmək idi. Amma fərqli mənzərəni müşahidə edirik. Hələ də erməni terrorçuları bölgədə qalır və zaman-zaman Azərbaycan əsgərlərinə qarşı təxribata əl atırlar. Belə çıxır ki, rus sülhməramlıları bu təhdidin qalmasında maraqlıdır.
Prezident vurğuladı ki, sülhməramlılara sadəcə zəruri hallarda humanitar işlərlə məşğul olmaq icazəsi verilib. Ölkə başçısının da bəyan etdiyi kimi bu məqam 10 noyabr Bəyannaməsində əks olunmayıb. Dövlət başçısının çıxışı Rusiyaya xəbərdarlıqdır ki, sülhməramlılar öz işləri ilə məşğul olsunlar. Rus sülhməramlıları bu çıxışdan nəticə çıxartmalı və torpaqlarımızda daimi qalacaqlarını düşünməməlidir. Məhz onların yarıtmaz və qanunsuz fəaliyyəti sülhməramlılara olan narazılığı get-gedə artırır.
Bu məsələdə iqtidarla müxalifət eyni mövqedən çıxış edirlər”.