Anons verildi ! - “Ukrayna müharibəyə hazırlaşır" – Bütün “körpülər yandı” 

Yanvarın16-dan etibarən Ukraynanın dövlət dairələrində rus dilində danışmaq qadağan edilib. Bununla bağlı müvafiq qanun Petro Poroşenkonun rəhbərliyi altında qəbul edilib. Bildirilir ki, Ukraynanın xidmət sahəsində də rus dilindən istifadəyə qadağa qoyulub. Ukrayna vətəndaşları rus dilində yalnız mətbəxlərində danışa biləcəklər.

Ekspertlər hesab edirlər ki, baş verənlər Rusiya-Ukrayna arasındakı gərginliyin yenidən şiddətlənməsinə yol aça bilər. 



İki ölkə arasındakı mürəkkəb vəziyyətlə bağlı “Sherg.az”a danışan politoloq Natiq Miri bildirib ki, rus dilinin qadağası Rusiyanın Ukraynaya işğalçı münasibətindən doğan nəticədir:

“Fikrimcə, heç kim Ukraynanı bu yöndə ittiham edə bilməz. Çünki yalnız Putin yalnız Krım və Qara dənizin sahilində olan möhtəşəm şəhərlərə deyil, eyni zamanda Donbas əyalətinə də işğalçılıq siyasəti yürütməyə davam etdi. Hazırda həmin əyalətlərin böyük əksəriyyəti rus separatçılarının nəzarəti altındadır. Bu ərazilər azad olunmadıqca Ukraynada enerji itkisi davam edəcək. Necə ki, Azərbaycan 30 ilə yaxın Qarabağsız böyük enerji itkisi ilə üzləşdi, bunu mənəvi-psixoloji və hərbi-siyasi sahələrdə hiss etdi. Bu gün Ukrayna eyni problemləri yaşamaqdadır. Ona görə də bu addımları normaldır”.

N.Mirinin fikrincə, rus dilinin qadağası Ukrayna və Rusiya arasında bütün körpülərin yandırılması anlamına gəlir:

“Çünki bu xalqlar slavyan xalqlarıdır, yəni dilləri bir-birinə yaxındır. Belə olduğu halda bir slavyan xalqının digərinə işğalçılıq siyasəti yürütməsi hiddət doğurur. Ona görə də Ukraynanın belə qərar qəbul etməsi anlaşılandır. Ukrayna dövləti ictimai rəydə Rusiya təsirinin tamamilə azalmasına çalışır”.

Politoloq qeyd edib ki, belə addımlar Rusiyanı işğalçılıq siyasətindən vaz keçirməyəcək:

“Perspektivdə hər iki ölkə arasında körpülərin yandırılması yenidən Ukrayna və Rusiyanın üz-üzə gəlməsinə səbəb ola bilər. Bu da hər iki ölkə arasında yeni müharibənin başlamasına səbəb olar bilər. Artıq Ukrayna Türkiyədən təyyarələr alır. İkinci Qarabağ müharibəsində bu silahların nə dərəcədə effektiv olduğundan bütün dünya xəbərdar oldu. Ukrayna işğalda olan torpaqlarını azad etmək üçün müharibəyə hazırlaşır” .