“İran Xarici işlər naziri bilməlidir ki, Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsi bitib”
“Zərif münaqişə sözündən istifadə edib. Bu minvalla onun Azərbaycanla danışıqlarda Qarabağda tikinti işlərində iştirak istəyi qəbul edilməyəcək”
“Azərbaycan Türkiyə və Pakistan birliyi yeni bir siyasi nizam formalaşdırır”
İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif yanvarın 24-də Azərbaycana səfər edəcək. Bu barədə diplomatik mənbələrdən bildirilib. İranlı nazir səfər çərçivəsində Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Baş nazirin müavini Şahin Mustafayevlə görüşərək danışıqlar aparacaq.
Səfər çərçivəsində Qarabağın işğaldan azad olunmasından sonra bölgədə yaranan yeni əməkdaşlıqlar və İran şirkətlərinin Qarabağın bərpasında iştirakı ilə əlaqədar fikir mübadiləsi aparılacaq.
İran xarici işlər naziri, həmçinin Azərbaycan, İran və Rusiya üçtərəfli əməkdaşlıqlarla bağlı Azərbaycan rəsmiləri ilə müzakirələr aparacaq.
Məlum səfərlə bağlı “Sherg.az”a danışan AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, iranlı nazirin Cənubi Qafqaz regionuna səfəri əsasən siyasi-iqtisadi əməkdaşlığı özündə ehtiva edir:
“İran çalışır ki, regionda Türkiyənin artan siyasi -iqtisadi və hərbi mövqeyinə qarşı siyasətini ortaya qoysun. Bu baxımdan səfər çərçivəsində ciddi danışıqlar gedəcək. Zərif Tehrana əliboş qaytımamaq üçün İranın regionda siyasi-iqtisadi mövqeyinin yaxın perspektivdə güclənməsi üçün maksimum dərəcədə razılaşma əldə etməyə çalışacaq”.
Politoloq vurğulayıb ki, Zərifin Qarabağla bağlı mövqeyi ziddiyyətlidir:
“Tehran hələ də münaqişədən bəhs edir. İran Xarici işlər naziri bilməlidir ki, Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsi bitib. Zərif münaqişə sözündən istifadə edib. Bu minvalla onun Azərbaycanla danışıqlarda Qarabağda tikinti işlərində iştirak istəyi qəbul edilməyəcək. Rəsmi Tehran hələ də çalışır ki, münaqişə olsun və iki icma arasında sülhün əldə edilməsi reallaşmasın”.
M.Əsədullazadənin fikrincə, İran XİN rəhbərinin Azərbaycana səfəri öncəsi münaqişənin davam etdiyini söyləməsi bu ölkənin səmimi bir qonşu olmadığını göstərir:
“İran tərəfinin bu səfərdən müsbət əldə edəcəyi mümkün görünmür. Təəssüf ki, Tehran öz ampulasındadır. Regionda sülhə, təhlükəsizliyə aparan siyasətə dəstək vermək əvəzinə, Ermənistan-Azərbaycan arasında münaqişədən bəhs edirlər. Düşünürəm ki, bu səfər Azərbaycan üçün xüsusi əhəmiyyət daşımayacaq.
Azərbaycan Türkiyə və Pakistan birliyi yeni bir siyasi nizam formalaşdırır”.