Sensasiya:“Sərhədlər ləğv olunacaq, Ermənistan regiondakı birliyin..."

44 günlük hərbi əməliyyatlarda əldə etdiyimiz uğur, əlbəttə, bütün dostlarımız və xüsusilə qardaş Türkiyəni də sevindirdi. Onlar noyabrın 10-nu eyni ilə bizim kimi- bayram ab-hava ilə keçirdilər. Və hətta üzərindən bir neçə ay keçməsinə rəğmən, qələbəmizdən danışır, yazırlar. Türkiyəli ictimai-siyasi xadimlərin fikrincə, Azərbaycanın zəfəri bütün türk dünyasının uğurudur. 
Jurnalist Hasan Gizli “Sherg.az”a açıqlamasında zəfərimizi belə qiymətləndirdi: 

“Azərbaycanın qələbəsi sözlərə sığmayacaq qədər böyükdür. Artıq bu dünyada ordusu, milləti və Prezidenti ilə tanınan bir dövlət var. Ölkəniz haqqındakı əvvəlki qeyri-dəqiq, qeyri-obyektiv yanaşmalar çoxdan “əriyib”. Sözügedən zəfər milli şüurun inkişafına mühüm təkan verəcək. Mən 1998-ci ildə Azərbaycanda olmuşam.

O vaxtkı ağır durumu, o cümlədən vaqonlarda yatan insanları gözlərimlə görmüşəm. Türkiyə həmin vaxt göstərə bilmədiyi dəstəyi bu dəfə göstərdi. İki ölkənin birliyi və nəticədə Azərbaycanın zəfəri gələcək yüz illərə, əsirlərə təsir etdi. Hətta təkcə Türkiyə və Azərbaycana da deyil, bütün türk dünyasına təsir göstərəcək, nümunə olacaq.

Fərəhlə deyə bilərəm ki, tarixi qələbənizlə bizə də mənəvi rahatlıq verdiniz. Buna görə sizə təşəkkür edirəm. Həmçinin ermənilər də artıq boş xülyalardan əl çəkib, real siyasətə qayıtdılar. Sabahların birincə onların da qatıldığı iqtisadi və siyasi birlik, sabitliyimizin təmin olunması hər birimizin ürəyincədir. Dünən bir-biriləri ilə müharibə aparan Avropa dövlətləri indi ortaq pula, parlamentə, hüquq sisteminə malikdirlər.

Bu, bizim bölgədə niyə olmasın?! Fikrimcə, gələcəkdə sərhədlər ləğv olunacaq. Ermənistan Qərbin əlində alət olmaqdan canını qurtaracaq və regiondakı birliyin üzvünə çevriləcək. Biz indi hərbi zəfəri daha da gücləndirməliyik. Bu zəfəri bizə bəxş edən azərbaycanlı qardaşlarıma, xüsusən şəhidlərə minnətdaram”. 

H.Gizli, həmçinin informasiya savaşından da danışdı:

“Müharibəni internetdəki xəbər kanallarından izləyirdim. Televiziyaya, qəzetlərə baxmadım. Çünki bildiyim budur: savaş dövründə bəzi həqiqətlər yazılmır. Bu işin təbiəti belədir. İnternetdə isə doğrunu yanlışdan ayıra bilirəm. Ermənistan mətbuatı  həqiqəti yazsa idi, daha yaxşı olardı. Ən azından ictimaiyyətini məğlubiyyətə hazırlamış olardı”.