“Fransa erməni lobbisinin təsiri altındadır”- Türkofobiya

ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi Fransa yenidən fəallaşıb. Təbii olaraq rəsmi Parisin budəfəki canfəşanlığı da ermənilərlə bağlıdır. Məlum olduğu kimi, Fransa Senatının sədri Jerar Larşenin rəhbərlik etdiyi nümayəndə Ermənistanda səfərdədir. Senatın xarici əlaqələr, müdafiə və silahlı qüvvələr komissiyasının sədri, fraksiya rəhbərləri və Ermənistan-Fransa dostluq qrupu rəhbərinin də qatıldığı geniş tərkibli nümayəndə heyəti 3 gün ərzində İrəvanda olub. Fransızlar qondarma “erməni soyqırımı"nın ildönümü ilə bağlı tədbirlərdə də iştirak ediblər. Adamdan soruşmazlarmı ki, sənə nə düşüb?



Axı günü-gündən daha çox xarabalığa çevrilən Ermənistanda bu qədər seviləsi nə var? Hardan gəlir bu dəyirmanın suyu?

Millət vəkili Cavid Osmanov “Sherg.az”a açıqlamasında Fransanın Ermənistan sevgisindən danışdı: 

“Bu, dünyada ikili yanaşmanın olduğunu göstərir. İkinci bir tərəfdən isə Fransanın ermənipərəst mövqeyini, bu ölkənin erməni lobbisinin təsiri altında olduğunu təsdiqləyir.

Fransa Qərbdə islamofobiyanı, xüsusilə türkofobiyanı ən çox təbliğ edən ölkədir. Rəsmi Paris Minsk qrupunun üzvü olmasına rəğmən, müharibə zamanı ermənilərin tərəfini tutdu.

Savaşdan sonra isə heç bir hüquqi əsası omayan, amma siyasi səciyyə daşıyan bəyanat verdi- Senat qondarma respublikanın “müstəqilliyini” tanıdı. Ümumiyyətlə, Fransa “erməni soyqırımını” tanıyan ilk ölkələrdəndir. Dediyim kimi, orada güclü erməni lobbisi var.

Bizə olan aqresssiv münasibətin əsas səbəbi isə Türkiyənin nəinki regional, həm də qlobal gücə çevrilməsindən qorxmasıdır. Və bunu açıq şəkildə nümayiş etdirməkdən çəkinmir”.