İran 44 günlük müharibədə sınaqdan üzüağ çıxmadı

“Rəsmi Tehrana qarşı on illiklər boyunca necə davranacağımızın əsası formalaşdı”

“Azərbaycan bütün hallarda İsraillə əməkdaşlığı davam etdirməlidir”


“Ermənistan Azərbaycana qarşı hücuma keçdi, İranı da cəlb edir. Sözsüz ki, hamı Qubadlı sərhədinə Sünikdən edilən hücumdan xəbərdadır. Hazırda İrəvan yediyi zərbədən özünə gəlməyə çalışmaqla yanaşı, Azərbaycana qarşı revanş üçün imkanlar axtarır. Əlbəttə, bu imkanları 44 gün ərzində də sınamaqdan imtina etməmişdi”. 


 Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib. 
 O, daha ətraflı “Sherg.az”a danışdı: 

“Armradio.am” xəbər yayıb ki,  Azərbaycan Füzulidə,  Laçında və  Zəngilan  hava limanı tikməyə hazırlaşır. Aeroportların bu ilin payızınadək tikilməsi planlaşdırılır. Eyni zamanda, uçuş zolağı bütün növ- mülki və hərbi təyyarələri qəbul edə biləcəkdir. 



Guya Azərbaycanın İsrail üçün İrana qarşı tramplin rolunu oynayır  və Azərbaycanın hava limanlarını xüsusi əməliyyatlar üçün İsrailə verməsi təkzibedilməz bir həqiqət imiş.

Eyni zamanda belə bir iddia qaldırılır ki,  məhz bu məqsədlə İsrail-İran münasibətlərinin kəskinləşməsi fonunda yuxarıdakı üç hava limanından ikisi, demək olar ki, İranla sərhəddən 100 km məsafədə inşa edilir. Tikinti mümkün qədər tez başa çatdırılacaq. Yəni İsrailin Azərbaycanla hərbi əməkdaşlığı təkcə silah almaqla məhdudlaşdırılmır, Azərbaycanın İranla ortaq sərhədi bölgədə İsrailin geosiyasi maraqlarına cavab verir. Buna görə də İran Azərbaycanda baş verənlərə laqeyd qalmamalıdır. Çünki sonda hər şey özünə qarşı çevrilə bilər”. 

 Ə.Əlibəyli iddialara belə münasibət bildirdi:
 
“Azərbaycan bütün hallarda İsraillə əməkdaşlığı davam etdirməlidir. Biz bunun faydasını 44 günlük müharibədə gördük. İkincisi, Azərbaycan- İran münasibətləri 44 günlük müharibədə sınaqdan keçdi.

Beləliklə, Tehrana qarşı ən azı bundan sonrakı on illiklər boyunca necə davranacağımızın əsası formalaşdı. İran - İsrail qarşıdurması bütün cəbhələrdə gedir. İmkanı olanlar İran sərhəddi boyunca fəaliyyət göstərən xarici ölkələrin hərbi bazalarının xəritəsinə baxa bilər.

Azərbaycan Bloklara Qoşulmama Hərəkatına üzv olmaqla Rusiya və İran üçün o mesajı verdi ki, iki ölkə əleyhinə öz ərazisindən istifadə edilməsinə imkan yaratmayacaq.

Aeroportlar ərazilərimizin yerli faktor kimi tezliklə məskunlaşdırılması, qlobal faktor kimi inteqrasiya, daşımalar və s. imkanlar verir”.