Rusiyanın “başı ağrıyacaq”:“Dünyaya çətinliklər yaradır, ancaq...”

“...Ən çox əziyyət çəkən özü olacaq” 


Rusiya dörd ölkənin yeddi diplomatının ölkədən çıxarılmasına qərar verib. Qərara əsasən Litva iki, Slovakiya üç, Latviya və Estoniyanın hərəsinin bir diplomatı həftə ərzində Rusiyanı tərk etməlidir.
Moskva-Praqa münasibətlərində gərginlik davam edir. Gərginlik Çexiya hakimiyyətinin Rusiyanı Vrbetiçedəki silah anbarlarında baş vermiş partlayışlarda əlinin olması ittihamlarından sonra başlayıb. Bundan sonra ölkələr qarşılıqlı qaydada bir sıra diplomatları arzuolunmaz şəxs elan edib. Çexiya ilə həmrəylik nümayiş etdirən Litva, Slovakiya, Latviya, Estoniya, həmçinin ABŞ, Bolqarıstan, Ukrayna, Polşa və Rumıniya da rusiyalı diplomatlarla bağlı analoji addım atıb.

 Maraqlıdır, Rusiyanın bu boyda dünyada bir dənə belə olsun müttəfiqi, partnyoru yoxdur. Yaxşı, niyə?



BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli “Sherg.az”a açıqlamasında bunun səbəbini izah etdi: 

“Bəzi analitiklər Rusiya ilə Qərb arasında soyuq müharibəni xatırladan münasibətlərin başladığını düşünürlər. Əslində, həqiqətən, belədir. Kreml isə bunun günahını özündə axtarmalıdır. Məsələ ondan ibarətdir ki, rəsmi Moskva haqsız iddialarından geri çəkilmək istəmir. Hətta Sudana iddia edir, orada baza yaratmağa çalışır. Sudan isə təbii olaaq bununla razılaşmır və Rusiyanın məqsədini öz müstəqilliyinə təhdid kimi qəbul edir. Ümumiyyətlə, Kremlin xarici siyasəti həmişə ekspensionist xarakter daşıyıb. Şimal qonşumuz düşünür ki, digər ölkələr ya köləmiz, ya da düşmənimiz olmalıdır. Bu, müasir dövrə uyğun gəlməyən yanaşmadır. Yalnız hərbi gücə arxalanaraq fəaliyyət göstərmək XXI əsrin tələblərinə yaraşmayan, anormal siyasətdir. Almaniya da Rusiya kimi güclü dövlətdir. Amma ondan narazılıq edən yoxdur. Çünki əlaqələrini normal qurub”. 

 S.Məmmədli rəsmi Moskvanın hegemon siyasətini isbatlayan digər faktları da sadaladı: 

“Rusiya nəinki dinc dayanmır, hətta təzyiq edir. Post-sovet məkanındakı ölkələrə öz pasportunu paylamaq, ardınca isə müdafiə adı ilə dominant siyasət yeritmək doğru deyil və qınanılmalıdır.

Bu, heç bir beynəlxalq normaya uyğun deyil. Baltikyanı ölkələr də həmişə Kremlin təzyiqindən əziyyət çəkiblər. II dünya müharibəsindən sonra Rusiya Litva, Latviya və Estoniyaya öz əhalisini yerləşdirməyə başladı. Həmin əhalinin çoxu hərbçi olduğuna görə şovinist davranır, yerli dili, qayda-qanunları qəbul etmirdilər.

Bu isə yerli sakinlərlə ziddiyətlərə səbəb olurdu. Həmin problem indi də var. Hətta Estoniya, Latviya ilə ərazi problemləri də mövcuddur. Rusiya bu ölkələrin ərazisinin müəyyən hissəsini zəbt edib. Uzaq Şərqdə Yaponiya ilə Kuril adaları üstündə mübahisə gedir. Hərçənd Kuril adaları tarixən Yaponiyanın olub. Rusiyanın hərbi təyyarələri Cənubi Amerikanın, Kolumbiyanın hava sərhədini pozur. Bu, sadəcə həyasızlıqdır. Axı sənin Cənubi Amerika ilə nə işin var?! Qarabağla bağlı məsələdə də eyni vəziyyətdir: Kreml imzalanan sənədlərin tələblərinə əməl etmədən öz hegemon siyasətini davam etdirir”. 

 Professorun sözlərinə görə, dekonstruktiv siyasət Kremlin “başını ağrıdacaq”:

“Son dövrlərədək Qərb Rusiyanın “şıltaqlığına” dözürdü. Hətta sakitlik yaratmaq üçün onu NATO-nun tərəfdaş qrupuna əlavə etmişdilər. Lakin gördülər ki, Kreml bu vəziyyətdən istifadə edərək təzyiqləri artırır.

Ona görə də Moskvanı öz sıralarından uzaqlaşdırdılar. ABŞ-da Co Bayden hakimiyyətə gəldikdən sonra isə şimal qonşumuza qarşı daha radikal mövqe sərgiləndi. Bir çox ölkərdə, o cümlədən Çexiyada, Avstriyada xeyli rus diplomatı var.

Niyə?! Buna ehtiyac yaradan nədir?! Məgər Rusiya həmin ölkələrdə öz filialını yaradır?!

Məsələ ondan ibarətdi ki, diplomatlar da öz işləri ilə məşğul olmur, Moskvadan aldıqları tapşırıqlara uyğun olaraq həmin ölkənin daxili işlərinə müdaxilə edirlər. Həmçinin həmin ölkələrdə heç də iqtisadi fəaliyyətlə məşğul olmayan onlarca rus şirkəti var.

Bütün bunlar Rusiyanın anormal, yırtıcı siyasətinin təzahürüdür. Doğrudur, Kreml özünü “sındırmaq” istəmir. Amma Rusiya rəhbərliyində çalışmış şəxslər özləri də etiraf edirlər ki, bu siyasət ölkənin gələcəyini yaxşı yerə aparmır. Bütün dünya Kremlə qarşıdırsa, deməli, günah onun özündədir. Putin kimi avtoritar siyasətçilərin əsas xüsusiyyəti ondan ibarətdir ki, öz ambisiyaları naminə hətta xalqı da bada verməyə hazır olurlar.

Diqqət edin, Rusiyanın şimal hissəsində, o cümlədən Uralda, Sibirdə çoxlu “ölü” ərazilər var. Lakin bu, hakimiyyəti qətiyyən düşündürmür. Bir sözlə, problemlər çoxdur. Təəssüf ki, bu dövlət dünya üçün də çətinliklər yaradır. Ancaq ən çox əziyyət çəkən özü olacaq”.