İranın “qara sevda”sı: “Ermənistandan Türkiyə və Azərbaycan əleyhinə istifadə...”

Dünən İranda “erməni soyqırımı”nın növbəti ildönümü qeyd edilib. Beləliklə, rəsmi Tehran  öz xislətini bir daha ortaya qoydu və göstərdi ki, onun üçün dostluq anlayışı sadəcə sözdədir. Əməldə isə dediklərinin tam əksini icra edir. 
İranın dünənki addımı barədə “Sherg.az”a danışan politoloq Sədrəddin Soltanın fikrincə, bu, təəccüblü deyil: 

“Bu, ilk belə hal deyil. Güney Azərbaycanın Culfa şəhərində hər il Ermənistanın ənənəvi tədbirlərindən biri keçirilir. Həmçinin Ermənistan baş naziri Nikol Paşinyanın Tehrana səfəri zamanı Ararat idman stadionunda “Qarabağ Azərbaycandır!” şüarı yazılmış plakatın nümayişi, 44 günlük müharibədən əvvəl Qarabağdakı ermənilərə yanacaq daşınması, savaş dövründə tərəflər arasındakı isti münasibəti və s. nəzərə alsaq, budəfəki addımı da təbii qarşılamalıyıq. Mövcud hakimiyyətdən ancaq bunu gözləmək olar.

Nəzərinizə çatdırım ki, dünənki tədbirdə İranın müxtəlif rəsmi şəxslərinin, o cümlədən informasiya və kəşfiyyat naziri Əli Yunisinin iştirak etməsi də təəssüfləndirici məqamdır.

Eyni zamanda keşişlərin geyimlərində qondarma rejimin bayrağındakı işarələrin təsviri göstərir ki, İran hakimiyyəti Qarabağın guya Ermənistana aid olduğunu təsdiqləyir.

Beləliklə, separatçılarla və onları dəstəkləyənlərlə həmrəy olduğu göstərir. İranın İsraildəki həqiqi soyqırımı deyil, saxta faciələri tanıması mövcud iqtidarın məsələlərə ikili standartlardan yanaşdığını nümayiş etdirir”.

S.Soltan, həmçinin rəsmi Tehranın “qara sevda”sının hardan qaynaqlandığını söylədi: 

“İranda dini konstitusiya var. Orada dini azlıqlara azadlıq verilməsi barədə xüsusi müddəalar əksini tapıb. İndi rəsmi Tehran bu hərəkətləri ilə dini azlıqlara çox böyük imtiyazlar verdiyini göstərmək istəyir.

Hərçənd xristianlığı qəbul edən müsəlmanlar təqib olunurlar. Deməli, İran hakimiyyəti dini azlıqları müdafiə etmək istəyəndə də məsələyə ikili standartlardan yanaşır. Çünki əsas məqsəd Ermənistandan Türkiyə və Azərbaycan əleyhinə istifadə etməkdir.

Eyni zamanda rəsmi Tehran erməni lobbisindən öz xeyrinə yararlana biləcəyini düşünür”.