“Litvalı nazirin xəritə açıqlaması böyük önəm daşıyır”

“Gabrielius Landsbergisin ölkəmizə səfəri həm ikitərəfli, həm də Azərbaycan-Avropa Birliyi münasibətlərinin müsbət inkişafına xidmət edəcək”


Litvanın Xarici işlər naziri Gabrielius Landsbergis Bakıda səfərdədir. O, azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında mühüm açıqlamalar verib:
“Ermənistanda olanda biz minalanmış ərazilərin xəritələri barədə onlardan da soruşduq. Biz soruşuruq ki, necə olacaq, bu sualı biz də Ermənistanın qarşısında qaldırırıq”.

G.Landsbergis söyləyib ki, regionda təhlükəsizliklə bağlı vəziyyətin yaxşılaşdığını görürük, amma həll olunmamış məqamlar var:
“Biz də düşünür ki, nə edə bilərik? Regionda uzunmüddətli sülhün saxlanılması üçün tədbirlər görülməlidir. Bu, Azərbaycanın marağındadır, Azərbaycan da bilmək istərdi ki, sərhədin o tərəfindən təhlükə gəlməyəcək?”.

Azərbaycan-Litva münasibətlərinin dərin kökləri olduğunu deyən millət vəkili Asim Mollazadə “Sherg.az”a bildirib ki, Litva xarici işlər nazirinin ermənilərin azərbaycanlılara mina xəritələrini verməməyi ilə bağlı açıqlaması böyük önəm daşıyır:

“Ümumiyyətlə, Azərbaycanla-Litvanın ikitərəfli münasibətləri hər zaman müsbət olub, çoxşaxəli əməkdaşlığı həyata keçirmişik. Bununla yanaşı Litvanın birinci prezidenti Avropa Parlamentinin üzvü olaraq hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə edib. O, ümumiyyətlə, postsovet məkanında baş verən münaqişələrin mahiyyəti barədə çox böyük biliklərə malik olan şəxsiyyət idi. Litvanın prezidenti Valdas Adamkus dəfələrlə Azərbaycana səfər edib və ölkəmizin bölgədə həyata keçirdiyi layihələri yüksək qiymətləndirib. Söhbət enerji, kommunikasiya və nəqliyyat layihələrindən gedir. Düşünürəm ki, Litvan XİN başçısının ölkəmizə səfəri həm ikitərəfli, həm də Azərbaycan-Avropa Birliyi münasibətlərinin müsbət inkişafına xidmət edəcək”.