Paşinyandan siyasi manevrlər: Vəziyyətdən çıxa biləcəkmi? - ŞƏRH

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan “ArmNews” telekanalına müsahibə verib. O, müsahibəsi zamanı mövcud Ermənistan hakimiyyətini təhqir edib: “Ermənistanın indiki hakimiyyətindəkilər çoban iti deyil, çaqqaldırlar”.
Nikol Paşinyanın komandasını çaqqallara bənzədən Sarkisyan sözügedən müsahibəsində 2018-ci ilin aprel hadisələrindən danışıb, eyni zamanda istefası və digər mövzular barədə sualları cavablandırıb. Bu, onu göstərir ki, müxalifətlə-iqtidar arasında qarşıdurma səngimir. Deməli, iyun ayında keçiriləcək seçkilərin gərgin şəraitdə baş tutacağını indidən təxmin olar. 

 Rusiyada yaşayan soydaşımız, jurnalist, politoloq Anar Həsənov rəsmi İrəvandakı vəziyyət barədə “Sherg.az”a danışdı: 

“Paşinyanın siyasi taleyinin sual altında olması daxildəki siyasi rəqabətin göstəricisidir. Müxalifətin əlində güclü informasiya resursları var. Amma bu, hələ etirazçıların təzyiqdən xilas olması demək deyil. Çoxları növbədənkənar seçkilərdə Paşinyanın uduzacağını düşünür. Lakin hazırkı baş nazir kimi, əvvəlki dövlət başçıları Köçəryan və Sarkisyan da xalqı qıcıqlandırırlar. Paşinyanın populizmi, siyasi manevrləri onun hər vəziyyətdən çıxa bildiyini göstərir. Müharibəni uduzan siyasi liderin mitinq təşkil etməsi və mitinqə müxalifətdən daha çox tərəfdar çıxarması bunu bir daha sübut edir”.

A.Həsənov qarşıdakı seçkilərdə mövcud hakimiyyətin şanslarını belə qiymətləndirir: 

“Yekdil fikir söyləmək çətinir. Lakin fikrimcə, Paşinyanın şansları daha çoxdur. Birincisi, parlamentdə çoxluq onun tərəfindədir. İkincisi, xalq arasında imici daha çoxdur. Və, üçüncüsü, Rusiya Ermənistan daxilindəki bütün siyasi cəbhələrə eyni münasibət göstərir. Paşinyan istefa verəcəyi barədə açıqlamasından sonra Rusiya dövlət başçısı Vladimir Putinin onu Kemldə qəbul etməsi, üstəgəl, Rusiya baş nazirinin İrəvana səfəri dediyimiz fikrin təsdiqidir.

Daxildə müxalifətin aktivliyinin artması isə Kremlin etirazçıları dəstəkləməsi kimi başa düşülməməlidir. Həmçinin Ara Abramyanın seçkilərdə iştirak etməsi niyyəti də Rusiyanın onun xeyrinə addım atması və ya atacağı kimi anlaşılmamalıdır. Şuşanın, Laçının işğal günlərinin yaxınlaşmasından müxalifət öz xeyrinə yararlanacaq. Əlbəttə, bu, “Qarabağ klanı”na olan münasibətə müsbət təsir göstərəcək.

Amma bütün hallarda Paşinyanın şansı daha çoxdur”.