Rəsmi Tehrana nota verilməlidir

"Nə vaxta kimi narkotacirlər ucbatından sərhədçilərimizi şəhid verməliyik?"

"Uzun müddət erməni işğalı altında olan İranla sərhəd ərazilərimiz vasitəsilə Ermənistana, Qarabağa kiloqramlarla narkotik maddələr ötürülüb"



Xəbər verdiyimiz kimi 15 may tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxs dovlət sərhədini pozub. Sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmayıblar və sərhəd naryadına qarşı odlu silahdan atəş açıblar. Daha sonra əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər. Əfsuslar olsun ki, sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Samir Eyvazov və kiçik gizir Fərid Alimov ağır yaralandıqları üçün həyatlarını xilas etmək mümkün olmayıb. Hadisə yerində təxminən 10 kq narkotik maddələr aşkarlanıb.

Eləcə də odlu silaha aid gilizlər və digər maddi subutlar aşkar olunaraq götürülüb. Hadisənin baş verdiyi ərazi qapadılıb və havadan nəzarət məqsədilə sərhəd aviasiyası tətbiq olunub. Sərhəd pozucularının axtarışı üzrə keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində sərhəd pozucularından biri saxlanılıb. Saxlanılan şəxsin İran vətəndaşı Bərgi Həsənəli olması müəyyən edilib. Xatırladaq ki, İranla sərhəddə buna bənzər arzuolunmaz hallar dəfələrlə baş verib. Silahlı insident nəticəsində sərhədçilərimiz yaralanıb. Ekspertlər bu kimi hallara görə İran tərəfini suçlayıblar. Bəyan edilib ki, rəsmi Tehran narko-ticarətlə məşğul olan İran vətəndaşlarının sərhəd pozuculuğu barədə dəfələrlə xəbərdarlıq edilsə də, müvafiq qurumlar sərhədin İran tərəfində nəzarəti gücləndirmək üçün heç bir addım atmayıb.

AMİP sədri Arzuxan Əlizadə “Şərq”ə deyib ki, indiyədək İran ərazisindən Azərbaycana narkotik maddələrin keçirilməsi ilə bağlı çoxsaylı məlumatlar yayılıb. Partiya rəhbəri vurğulayıb ki, Azərbaycan sərhədçiləri kifayət qədər ayıq-sayıqlıq göstərsə də, bəzi hallarda ölümlə nəticələnən neqativ olayların şahidi oluruq:

“Azərbaycanın cənub bölgəsinə İran tərəfindən kiloqramlarla narkotik maddələr daşınır. Belə çıxır ki, İranın sərhəd xidməti narkoticarətdə maraqlıdır. Görünür, məhz bu səbəbdən qanunsuz gediş-gəlişlərin qarşısını almaqda “acizlik” nümayiş etdirirlər. Tehran rejimi rəsmi Bakının xəbərdarlığından, hadisələrlə bağlı vaxtında məlumatlandırmadan nəticə çıxarmır. Fikrimcə, ciddi ölçü götürməyin vaxtıdır. Nə vaxta kimi narkotacirlər ucbatından sərhədçilərimizi şəhid verməliyik? Belə olaylar çox olub, nə qədər hərbçimiz yaralanıb, şəhid edilib. Çox ciddi məsələdir. Uzun müddət erməni işğalı altında olan İranla sərhəd ərazilərimiz vasitəsilə Ermənistana, Qarabağa kiloqramlarla narkotik maddələr ötürülüb. 132 kilometrlik sərhəd tamamilə nəzarətsiz olub və 30 ildə sərhəd məftilləri çəkilməyib. Bunun səbəbi narkotik maddələrin rahat, maneəsiz daşınması idi. Bu faktın özü İranın narkoticarətdə maraqlı olduğuna dəlalət edir. Şükürlər ki, torpaqlarımız işğaldan azad edildi və İranla 765 kilometrlik sərhədimiz tam nəzarətə alındı. Buna rəğmən, İranın cinayətkar vətəndaşları öz çirkin əməllərindən əl çəkmək istəmirlər. Rəsmi Tehran nota verilməli və narazılığımız diqqətə çatdırılmalıdır”.