Ərdoğan Akşənəri məhkəməyə verdi:"Məqsəd siyasi mesaj verməkdir”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müxalif İYİ Partiyanın sədri Maral Akşənəri məhkəməyə verib. R.T.Ərdoğan M.Akşənərdən 250 min TL ( 30 min ABŞ dolları) təzminat tələb edir. M.Akşənər Türkiyə prezidentini İsrailin baş naziri Binyamin Netanyahuya bənzətmişdi. Dövlət başçısının bu addımı birmənalı qarşılanmayıb. 

 Ağ partiya sədri Tural Abbaslı Ərdoğanın opponentini məhkəməyə verməsi barədə “Sherg.az”a danışdı: “Ümumiyyətlə, Türkiyənin siyasi səhnəsi həmişə belə çaxnaşmalı olub.

Əslində elə belə də olmalıdır. Əks halda, deməli, dövlət inkişaf etmir. Ölkədə siyasilər çəkişməyəndə, xalq arasında toqquşma əmələ gəlir. Fikrimcə, Türkiyəni güclü edən amillərdən biri də məhz budur”.

 O, həmçinin R.T.Ərdoğanın addımına da münasibət bildirdi: 

“Motivi nəzərə almaq lazımdır. Məsələ ondan ibarətdir ki, Ərdoğan Akşənəri hansısa tənqidə görə yox, onu münasibətləri heç də yaxşı olmayan başqa siyasi liderə bənzətdiyinə görə məhkəməyə verib.

Bu, ölkədə hüququn işlədiyini göstərir. Hər halda müxalifət qeyri-leqal yollarla incidilmir, əsassız ittiham edilmir.

Belə məhkəmələr adətən formal xarakter daşıyır, tələb ciddi olmur. Məqsəd siyasi mesaj verməkdir. Ərdoğanın həm də partiya sədri olduğunu unutmamalıyıq. O, öz elektratını düşünür və bu, normaldır”.