Proqnoz: "Paşinyan Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa edəcək"

Ermənistanın ikinci prezidenti, "Ermənistan" alyansının rəhbəri Robert Koçaryan hakimiyyət orqanları vasitəsilə tərəfdarlarına qarşı təzyiqlərin olduğunu bildirib. Sabiq dövlət başçısı qeyd edib ki, hüquq-mühafizə orqanları onun tərəfdarlarına qarşı təzyiqlər göstərir. "Artıq bir neçə gündür, hüquq-mühafizə orqanları əməkdaşlarını mənim silahdaşlarıma təzyiq göstərməsi barədə xəbərlər daxil olur. Mən məğlubiyyət səhifəsini bağlamaq üçün, milli həmrəyliyə görə barəmdəki qanunsuzluğu və haqsızlığı bağışlaya bilərəm, amma xəbərdarlıq etmək istəyirəm ki, komandamın üzvlərinin təqib olunması məqsədilə heç bir qondarma iş unudulmayacaq və bağışlanmayacaq. İnandırıram ki, qanunsuzluq edən istənilən vəzifəli şəxs tezliklə qanun qarşısında cavab verəcək”, - deyə Robert Koçaryan bildirib. 

Məlum olduğu kimi, iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilməlidir. Seçkilərdə bir neçə əsas qüvvə iştirak edəcək ki, bunlardan biri də hazırda baş nazir Nikol Paşinyandır. Lakin müxalifət, o cümlədən keçmiş “Qarabağ klanı” bütün imkanları ilə buna mane olmaq istəyir. Beləliklə, hazırda Ermənistan daxilindəki siyasi vəziyyət olduqca xaotik bir həddə çatıb. 


BDU-nun professoru, politoloq Əlimusa İbrahimov rəsmi İrəvandakı mövcud durumla bağlı “Sherg.az”ın suallarını cavablandırdı:

- Köçəryanın ona və komandasına qarşı təzyiqlərlə bağlı iddiasını necə qiymətləndirirsiniz? 
- Artıq Ermənistan mətbuatında oxşar xəbərlər yayılıb. Amma bu, cəfəngdir və gözlənilən idi. Məsələn ondan ibarətdir ki, nə Köçəryanın, nə də Sarkisyanın hakimiyyətə gəlmək imkanları yoxdur. Ümumiyyətlə, Paşinyan onları siyasi səhnədən uzaqlaşdırmaq niyyətindədir. Müxalifət isə istəyir ki, seçkilər Paşinyanın nəzarəti altında keçirilməsin və beləliklə, onların özlərinin imkanları artsın. İndi müxalifət Ermənistandakı və xaricdəki qüvvələrin diqqətini çəkmək, özünü gündəmdə saxlamaq məqsədilə bu vasitədən istifadə edir. Yəni Köçəryanın iddiaları sadəcə şayiədir, real deyil. Fikrimcə, bu günlərdə Sarkisyan da analoji iddia ilə çıxış edəcək. 

- Niyə düşünürsünüz ki, seçkilərdə müxalifətin qalib gəlmək şansları azdır? 
- Köçəryan mayın 9-da mitinq keçirdi. Həmin aksiyada cəmi 3-4 min adamın iştirak etməsi göstərir ki, Köçəryanın imkanları azdır. Ümumiyyətlə, “Qarabağ klanı”nın reytinqi çox deyil. Bunu həm Paşinyan, həm də müxalifət bilir. Və reallıq ondan ibarətdir ki, Paşinyan daha ciddi rəqibləri ola-ola Köçəryana qarşı belə vasitələrlə mübarizə aparmaq istəməz. 

- Seçkilərin keçirilməməsi ilə iddialara münasibətiniz necədir?
- Bunu “Maariflənən Ermənistan” partiyasının rəhbəri Edmon Marukyan deyib. O, guya Azərbaycan hərbçilərinin Ermənistan sərhədlərini pozmasını əsas gətirir. Lakin bu belə deyil. Ermənistanda on minlik rus qoşunları olduğu halda necə olur ki, illərdir seçkilər keçirilir. Yəni bu iddia da real deyil. Ermənistanda növbədənkənar seçkilərin qarşısını ala biləcək ikinci qüvvə yoxdur.

- Bəs seçkilərin nəticəsi barədə proqnozlarınız necədir?
- Paşinyan qalib gələcək. Özü də əvvəlkindən daha çox səslə. Amma seçkilərdən sonra siyasətini necə qurması sual altındadır. Böyük ehtimalla Ermənistan iqtisadiyyatını dirçəltmək məqsədilə Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa edəcək.