Amma indi şərtlər 1990-cı illərdən çox fərqlidir
"Rusiyanın regiona baxışında müəyyən dəyişikliklər nəzərə çarpır. Türkiyənin gücü artır, siyasəti daha konkretdir"
“Kəlbəcər istiqamətində baş verənlər də daxil olmaqla Ermənistanın son provakasiyalarının səbəbləri müxtəlif ola bilər”. Bunu “Şərq”ə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib. Ekspert bildirib ki, Ermənistanda önəmli bir neçə qrup 10 noyabr 2020-ci il razılaşmasına vaxtilə bizim 1994-cü il atəşkəsinə baxdığımız kimi baxır.
Onlar sənədi çətin vəziyyətdə müharibəni dayandıraraq vaxt udmaq vasitəsi kimi görürlər: “Dolayısıyla tam həlli və sülh atmosferinin yaranmasını istəmirlər. 27 sentyabr 2021-ci il tarixə qədərki mənzərəyə geri qayıdılmasını, “qeyri-müəyyənliyin” davam etməsini arzulayırlar. Fərqində deyillər ki, qeyri-müəyyənlik Ermənistanın əleyhinə, Ermənistandan istifadə edən güclərin isə xeyrinədir. Ümumiyyətlə, bölgədə marağı olan və bu maraqlar baxımından münaqişəni güclü təsir vasitəsi kimi görən, bu və digər səbəblərdən münaqişənin tam həllini arzulamayan kənar güclər var”.
Analitik vurğulayıb ki, Ermənistan böyük təxribatlardan çəkinir, çünki Azərbaycan tərəfi bunu cavabsız qoymaz:
“Ermənilər iddia edirlər ki, guya, Azərbaycan Ordusu müharibəni hələ dayandırmayıb və “erməni torpaqlarını işğal” etməkdə davam edir.
Düşünürlər ki, beləcə minimum itkiylə, itkisiz ya da bəlkə kiçik qazanclar yoluyla beynəlxalq ictimaiyyətin Azərbaycan üzərindəki təzyiqini artıra bilərik. Azərbaycanın bütün əraziləri üzərində suverenliyini tam bərpa etməsinə mane olaraq “tarixi fürsət” gözləyirlər.
Təbii ki, beynəlxalq və regional şəraiti dəyişməz qəbul etmək olmaz. Bu mənada taktikaları pis deyil. Amma şərtlər 1990-cı illərdən çox fərqlidir. Gedişat da hələ ki, fərqli yöndədir. Rusiyanın regiona baxışında müəyyən dəyişikliklər nəzərə çarpır. Türkiyənin gücü artır, siyasəti daha konkretdir.
Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunu uğurla apararaq sabit xətlə güclənməsi, istənilən halda rasional davranmağa çalışması, siyasətini öz paytaxtında müəyyənləşdirməsi və s. amillər Ermənistanın yaxın və orta mərhələdə “yenidən işğalçılıq” imkanlarını məhdudlaşdırır”.