Azərbaycan-Pakistan münasibətləri: "İqtisadi, hərbi-texniki və siyasi..."

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 31-dən iyunun 4-dək Pakistan İslam Respublikasında işgüzar və rəsmi səfərdə olacaq. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində nümayəndə heyətimiz ölkənin paytaxtı İslamabadda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransında iştirak edəcək, tədbirdə müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin münasibətini bildirəcək.

Pakistan tərəfinin dəvəti ilə iyunun 3-dən başlayacaq rəsmi səfər çərçivəsində Qafarovanın Pakistan İslam Respublikasının Prezidenti, Baş naziri, Senatın sədri, Milli Assambleyanın Spikeri və ölkəmizlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşləri gözlənilir.


Səfərlə bağlı “Sherg.az”a danışan politoloq İlqar Vəlizadə bildirib ki, son vaxtlar Pakistan-Azərbaycan münasibətləri müxtəlif sahədə inkişaf edir:

“İki ölkə arasında münasibətlər iqtisadi, hərbi-texniki və siyasi müstəvidədir. Bu əlaqələri tamamlamaq üçün parlamentlərarası dialoqların olması çox vacibdir. Ona görə də səfər çox əhəmiyyətlidir.

Səfər parlamentlərarası münasibətlərin inkişafına təkan verəcək, həmçinin parlament nümayəndələrinin dialoqları çox vacibdir. Bu baxımdan Milli Məclis üzvlərinin Pakistanda olması mühüm hadisədir.

Deputatlarımızın Pakistanda olması müxtəlif sahələrdə olan dialoqları tamamlaya, ümumiyyətlə, iki ölkənin münasibətlərinə müsbət töhfə verə bilər”.