Gələcəkdə altılıq platformasının yaradılması gözləniləndir
"Bu gün postmüharibə dövrü region ölkələri üçün yeni imkanlar açır".
Bu fikirləri "Şərq"ə açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
Politoloq qeyd edib ki, hazırda Azərbaycan qonşu ölkələrlə, xüsusən də Türkiyə, Rusiya və İranla qarşılıqlı ticarət, kommunikasiyaların açılması istiqamətində müzakirələrini davam etdirir: "Azərbaycanın Gürcüstanla strateji müttəfiqliyi var.
Bu əlaqələrin genişləndirilməsi həm də gələcəkdə altılıq platformasının yaradılmasına zəmin yarada bilər. Bu, həmçinin nəqliyyat və tranzit məsələlərində böyük imkanların əldə olunması deməkdir. Hazırda Zəngəzur dəhlizinin bərpa olunması istiqamətində fəal addımlar atılır.
Bunun sayəsində bölgədə yeni geoiqtisadi əməkdaşlıq imkanları daha da dərinləşir. Əslində son illərdə iqtisadiyyatı tənəzzül keçirən Ermənistan da bu layihədən gəlir əldə edə bilər.
Ermənistan tərəfi əgər işğalçılıq niyyətlərindən əl çəkərsə, o zaman bölgədə qonşularla mehriban əməkdaşlıq formatı çərçivəsində öz siyasətini müəyyənləşdirə və bu layihədən faydalana bilər. Əksinə, əgər Ermənistan Azərbaycanın işğaldan azad olunan torpaqlarını yenidən işğal etmək niyyəti ilə siyasət həyata keçirərsə, bu siyasət mütləq iflasa uğrayacaq. Sözsüz ki, Ermənistan verdiyi vədinə xilaf çıxdığı təqdirdə Azərbaycanın “dəmir yumruq” əməliyyatının növbəti zərbələrini görəcək".