Rəsmi Bakıdan Ermənistana xəbərdarlıq: “Lazımi tədbirlər görüləcək”


Xarici İşlər Nazirliyi Kəlbəcərdə minaya düşərək şəhid olan mülki vətəndaşlarla bağlı bəyanat yayıb.

XİN bəyan edib ki, Azərbaycan tərəfi Ermənistanın beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərində məqsədli şəkildə və geniş miqyasda minalar basdırması məsələsini davamlı şəkildə beynəlxalq müstəvidə qaldırır.

“Kəlbəcərdə baş verən bu hadisə bir daha onu göstərir ki, bu ərazidəki minalar Ermənistan tərəfindən, Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi geri çəkilmə mərhələsində məqsədli şəkildə yerləşdirilib. Məqsəd isə Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaqdır.

Xatırladırıq ki, bir müddət öncə Kəlbəcər istiqamətində Azərbaycan ərazilərinə daxil olaraq, ərazidə yolların minalanmasına yönəlmiş təxribat törədərkən Ermənistan silahlı qüvvələrinin bir qrupu saxlanılıb. Bu da bir daha onu göstərir ki, Ermənistan tərəfi həm hərbi, həm də mülki şəxslərin həyatı və təhlükəsizliyinə ciddi təhlükə yaratmaqda davam edir, beləliklə də bölgədə vəziyyətin gərginləşməsinə xidmət edir. Ermənistanın bu davranışı regionda sülh, təhlükəsizlik və əməkdaşlığın reallaşdırılmasına başlıca əngəl olmaqda davam edir.

Mülki azərbaycanlıların öz vəzifə borclarını yerinə yetirərkən mina qurbanına çevrilməsinin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür.

Beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamağa və Ermənistandan beynəlxalq hüquq qarşısında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsini tələb etməyə çağırırıq.

Azərbaycan öz tərəfindən sülhü və təhlükəsizliyi təmin etmək üçün bütün müvafiq, o cümlədən lazımi hüquqi tədbirləri görəcək”, - deyə XİN bildirib.

Qeyd edək ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunan televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı avtomobil rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb.

Nəticədə 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub.

Digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdirilib.