Ermənistan minaların xəritəsini verməyəcək


Azərbaycan məcburetmə taktikasına keçməlidir

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə insanların həyatı üçün təhlükə yaradan minaların yerlərinə dair Ermənistanın müvafiq xəritələri təqdim etməkdən imtinası ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə (İHAM) dövlətlərarası şikayət göndərib. Qeyd olunub ki, Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməkdən imtinasının heç bir strateji, hüquqi və ya mənəvi əsasları yoxdur və yeganə məqsəd bölgədə Azərbaycan əhalisinin həyatına qəsd etməkdir. Həmçinin Ermənistanın hərəkətləri azad olunmuş torpaqlarda yaşayan ermənilərin həyatını təhlükə altına qoyur. Biz bir daha Ermənistandan minalanmış ərazilərin xəritələrini və digər müvafiq məlumatları təqdim etməklə beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etməyi tələb edirik. Ermənistanın bu vəziyyəti davam etdirməsi nəzərə alınaraq Avropa Məhkəməsini müdaxilə etməyə çağırırıq.

Diqqətə çatdırılıb ki, Ermənistan tərəfindən yerləşdirilən müxtəlif növ minalar və digər partlayıcı qurğular Birgə Bəyanat imzalandığı gündən bəri 120-dən çox insanın həlak olmasına və ya yaralanmasına səbəb olub. Birgə Bəyanat imzalandıqdan sonrakı 200 gün ərzində işğaldan azad edilmiş ərazilərdə təxminən 100 milyon kvadratmetr sahədə 35 mindən çox minanın zərərsizləşdirilməsinə baxmayaraq, mina qurbanlarının sayı artmaqda davam edir. 


Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən siyasi analitik Asif Nərimanlı  bildirib ki, Azərbaycan mina xəritələrinin alınması üçün bütün hüquqi prosedurlardan istifadə edir. Lakin Ermənistan tərəfi 30 il ərzində həyata keçirdiyi vandalizm siyasətini müharibədən sonra başqa formada davam etdirir:

"Ermənistanın mina xəritələrini verməkdən imtina etməsinin iki səbəbi var. Birincisi, işğaldan azad olunmuş torpaqların mümkün qədər daha gec bərpa edilməsi, insanların ora daha gec qayıtmasıdır. Bu, Ermənistanın məğlub olsalar da, hələ də mövcud olan işğal niyyətindən irəli gəlir. Görünür, situasiyanın dəyişə biləcəyini, azad etdiyimiz torpaqları yenidən işğal etmək imkanlarının yaranacağını düşünürlər. Bu ərazilərin bərpa edilməsini, insanların ora qayıtmasını işğal planlarına maneə hesab edirlər.İkincisi, müharibədən sonra Azərbaycanın itki verməyə davam etməsidir. Bunun xəstə qisas planı olduğu məlumdur. Hətta bir ailənin 5 üzvü Ağdamda minaya düşəndə Ermənistan mediasında “Hələ çox öləcəksiniz” manşetini atmışdılar. Bu, onların nə qədər xəstə xislətli olduğunun nümunəsidir. Ermənistanın mina xəritələrini verməkdən sona qədər imtina edəcəyi aydındır. Müharibədən ötən müddətdə sərgilədikləri mövqe də bunu göstərir. Burada yeganə yol beynəlxalq ictimaiyyətin Ermənistana təzyiq etməsidir. Azərbaycanın ikinci dəfə Avropa Məhkəməsinə şikayət göndərməsi rəsmi Bakının hüquqi yollarla Ermənistanın terror fəaliyyətinin qarşısını almaq istəyidir. Lakin təəssüf ki, beynəlxalq ictimaiyyət 30 illik işğal dövründə Ermənistana təzyiq etmədiyi kimi, indi də mina xəritələrinin verilməsinə laqeyd münasibət bəsləyir, əvəzində Azərbaycandan erməni diversantların qaytarılmasını tələb edirlər".

A.Nərimanlı qeyd edib ki, dünyanın ikiüzlü olduğunun növbəti dəfə şahidi oluruq:

"Son olaraq jurnalistlərin Kəlbəcərdə minaya düşərək şəhid olması faktı bu ikiüzlülüyü bir daha ortaya çıxardı. Azərbaycanda kiçik hadisəni belə şişirdərək, “söz azadlığının pozulması”, “insan haqlarının tapdanması” kimi təqdim edən beynəlxalq təşkilatlar xidməti vəzifələrini yerinə yetirərkən erməni terrorunun qurbanı olan jurnalistləri görməzdən gəlirlər. Bu ikiüzlü münasibət davam edəcək, I Qarabağ müharibəsində də, II Qarabağ müharibəsində də bunu gördük.  Azərbaycan beynəlxalq hüquq çərçivəsində addımlarını davam etdirməklə mina xəritələrinin verilməsi üçün Ermənistana qarşı məcburetmə taktikasına keçməlidir. Bu, həm masada, həm də hərbi sahədə olmalıdır. Sərhəd xəttini pozan erməni hərbçiləri saxlamaqla onların əvəzinə mina xəritələrinin verilməsini tələb edə bilərik, yaxud digər analoji addımlar atıla bilər. Çünki Ermənistan yalnız güc yolu ilə anlayır".