"Türkiyə ilə hərbi-siyasi-iqtisadi əlaqələrimizi daha da irəli aparmalıyıq"
“Türkiyə gec-tez Azərbaycanda hərbi baza quracaq. Bu, tarixi zərurətdir!”.
Bunu “Şərq”ə açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib.
Analitik bildirib ki, Rusiyanın gələcək planları hamıya bəllidir:
“Rusiya yaxın ətrafında olan ölkələri öz təhlükəsizliyini təmin etmək üçün bir birlik altında birləşdirmək niyyətindədir. Bu birlik Rusiya üçün bufer zona təşkil edəcək. Eyni zamanda, bu ölkələr artıq Rusiyadan icazəsiz addım ata bilməyəcəklər. Rusiyanın guya türk birliyinə daxil olmaq istəyi blefdir. Rusiya heç vaxt öz ətrafını digər güclərlə paylaşmaq istəməz. Bu baxımdan, Rusiya bizə qarşı öz tələbini sərt şəkildə qoyacaq. Onda Türkiyənin bazalarını Azərbaycanda yaratmaq şərt olacaq. İstəsək də, istəməsək də Rusiya ilə münasibətimiz soyuyacaq. Ya Rusiyanın yanında, yaratdığı birlikdə olacağıq, ya da onun qarşısında. Qarşısında olmaq üçün isə yanımızda Türkiyə olmalıdır. Şübhə yox ki, Azərbaycan heç vaxt öz müstəqilliyini Rusiyanın təhlükəsizliyinə qurban verməyəcək. Türkiyə ilə hərbi-siyasi-iqtisadi əlaqələrimizi daha da irəli aparmalıyıq. Azərbaycanın gələcəyi Türkiyənin yanındadır!”.