10 gün ərzində təxribatlar ola bilər

Ermənistana dəstək verən ölkələr də siyasi şok yaşayırlar


Ermənistan Prezidenti Armen Sarkisyan Qazaxıstandakı erməni icmasının üzvləri ilə görüşüb və sərsəm fikirlər səsləndirib. Prezident deyib ki, “Qarabağda müharibə bitməyib, sadəcə atəşkəs imzalanıb”. Sarkisyanın sözlərinə görə, müharibə hələ bitməyib, çünki sülh razılaşması yoxdur: “Məlum deyil “arsax”ın statusu necə olacaq, danışıqlar nə vaxt başlayacaq və necə gedəcək, Azərbaycan-Ermənistan sərhədində hadisələr necə inkişaf edəcək”. Halbuki, Azərbaycan tərəfi rəsmi şəkildə dəfələrlə bəyan edib ki, artıq müharibə bitib. Azərbaycan güc və siyasi iradə hesabına öz torpaqlarını düşmən işğalından azad edib və tarixi ədalət bərpa olunub.

Hazırda Qarabağda böyük tikinti bumu yaşanır, yenidənqurma işləri görülür. Azərbaycan dövləti sülh şəraitində Qarabağın əvvəlki şöhrətini özünə qaytarmaq üçün ciddi fəaliyyət sərgiləyir. Lakin bəzi qüvvələr bunu anlaya-anlaya qəsdən münaqişənin bitmədiyini iddia edirlər. Düşünürlər ki, “münaqişə həll olunmayıb” deməklə rəsmi Bakını qıcıqlandıraraq təxribata çəkə bilərlər. Mayın 10-da Naxçıvana səfəri çərçivəsində Prezident İlham Əliyev bir daha həmin qüvvələrə sərt xəbərdarlıq ünvanladı: “Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan bu münaqişəni təkbaşına həll edib, həm döyüş meydanında və ondan sonra masa arxasında... Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq əbəsdir”. Dövlət başçısı Ermənistandakı revanşistlərə də mesaj göndərərək istənilən cəhdin qarşısının alınacağını, təxribatçıların yerindəcə məhv ediləcəyini bildirib.

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev “Şərq”ə bildirib ki, Armen Sarkisyanın bu cür sərsəmləməsi gözlənilən idi. Professorun sözlərinə görə, Ermənistan tərəfi İkinci Qarabağ müharibəsində aldıqları ağır məğlubiyyətin şokundan təzə-təzə ayılır:

“Ermənistanın siyasi rəhbərliyi yüz il ərzində beyinlərinə yeridilən miflərlə, əsatirlərlə dolanırdılar. Azərbaycan Ordusu “erməni mifini” darmadağın etdi. Ermənistana dəstək verən ölkələr də siyasi şok yaşadılar. Aldıqları travmadan ayılan siyasilərin revanşist açıqlamalar verməsi anlaşılandır. Amma Sarkisyanın Qarabağın “statusu” barədə dediklərinin heç bir əsası yoxdur. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, rəsmi Bakı “münaqişəni”, “Dağlıq Qarabağ” terminini və “status” məsələsini birdəfəlik gündəmdən çıxarıb. Ərazi bütövlüyümüzü bərpa etmişik. Düzdür, Rusiya sülhməramlıları özlərini ərazi bütövlüyümüzə pərçim ediblər. Lakin rəsmi Bakı bu məsələdə siyasi səbr nümayiş etdirir, mövcud şərtləri nəzərə alır. Həm də yekun sülh sazişi olmadığına görə, bu cür sərsəm çıxışların gündəmə gəlməsi mümkündür”. 
 
C.Nuriyev vurğulayıb ki, Armen Sarkisyanın Paşinyana qarşı mübarizəsi, onu qəbul etmədiyi bəllidir:

“Baxmayaraq ki, Sarksiyan özü Böyük Britaniyanın Ermənistandakı “nümayəndəsi” sayılır, amma nə zaman ingilislərlə fransızlar arasında ziddiyyətlər yaransa, bu kimi açıqlamalar da gündəmə gəlir. Sarkisyan çalışacaq ki, Fransanın dəstəklədiyi Paşinyanın seçkidə qalib olmasına maneçilik törətsin. Bu, həm də Rusiyaya verilən siyasi mesajdır. Fransadan sonra Rusiya və İran açıq şəkildə Ermənistanı dəstəkləyir. Hər üç ölkənin Cənubi Qafqazda öz maraqları var. Bu üç dövlət Türkiyə və Azərbaycana da qısqanclıqla yanaşır. Sirr deyil ki, bu güclər bitmiş münaqişəni yenidən reanimasiyadan çıxartmaq niyyətindədirlər. Azərbaycan rəhbərliyinin düzgün siyasətinə və mövqeyinə görə, hələlik qərəzli qüvvələr öz istəklərinə nail ola bilmirlər. Ermənilər müxtəlif təhrikedici addımları ilə bizi qıcıqlandırmağa, öz mövqeyimizdən daşındırmağa çalışırlar. Şübhəsiz, bu cəhdlər nəticə verməyəcək. Lakin ermənilərin Xocavənd ətrafında səngər qazması, II Qareginin Qarabağa gələrək erməniləri təhrik etməsi, rus sülhməramlılarının göz yumması, Sarkisyanın və Koçaryanın sərsəm çıxışları göstərir ki, Ermənistan tərəfi 10 gün ərzində ciddi təxribat törətmək niyyətindədir. Qətiyyən düşmənin təxribatına uymamalıyıq. Azərbaycan dövlətinin indiki mövqeyini dəstəkləmək lazımdır. Çünki ən doğru-düzgün yolu tutmuşuq”.