“Çox zaman siyasətçilərimiz, deputatlarımız, ekspertlərimiz bu mövzuda danışarkən ölkədə xarici hərbi bazanın yerləşdirilməsinin mümkünsüzlüyünü Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü ilə əlaqələndirirlər. Halbuki, bu, məsələyə birtərəfli yanaşmağın təzahürləridir”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında jurnalist,siyasi şərhçi Aqşin Kərimov söyləyib.
O, bildirib ki, Azərbaycanın 2010-cu ildə təsdiqlədiyi Hərbi Doktrinaya əsasən, hərbi-siyasi şəraitdə əsaslı dəyişikliklər baş verdiyi təqdirdə, Azərbaycan öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə, yaxud digər formada xarici hərbi iştirakın yer almasına müvəqqəti icazə vermək hüququnu özündə saxlayır:
“Yəni qısa desək, Azərbaycanda xarici hərbi baza yaradıla bilər. Bu arada Azərbaycanda Türkiyənin (Naxçıvanda) və İsrailin (Sitalçayda) hərbi bazalarının olması haqqında iddialar zaman-zaman səslənib, amma rəsmi təsdiqini tapmayıb. Postmüharibə dövründə də Azərbaycan üçün risklər qalmaqdadır, hərbi-siyasi mənzərədə də əsaslı dəyişiklik olub. Ona görə, düşünürəm ki, hərbi doktrinaya bir sıra dəyişikliklər edilməli, xarici hərbi bazaların yerləşdirilməsi üçün konkret hallar qeyd edilməlidir. Təsadüfi deyil ki, Hərbi Doktrinaya dəyişikliklə bağlı hakimiyyətə yaxın simalar tərəfindən də fikirlər səsləndirilib. Bizim üçün ən etibarlı ölkə isə Türkiyədir. Zənnimcə, Türkiyənin Azərbaycanda hərbi bazasının olması artıq geosiyasi maraqların və milli təhlükəsizlik üçün tələblərin diktəsidir. Postmüharibə dövründə Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlığın daha da dərinləşməsində hərbi məqsədlərin konturları da görünür”.
A.Kərimov qeyd edib ki, 2021-ci il başlayandan Azərbaycanla Türkiyə hərbçiləri bir neçə ortaq təlimdə iştirak edib, yüksək vəzifəli və yüksək rütbəli zabitlərin səfərləri intensiv xarakter alıb:
“Güman etmək olar ki, Türkiyə Azərbaycanda hərbi bazanın yaradılması imkanlarını nəzərdən keçirir. İyunun 4-də Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclasından da bu məsələlərin müzakirəsi mümkündür”.