"Altılıq" platformasının işə düşməsi tərəflərin mövqeyindən asılı olacaq"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxışı zamanı regional əməkdaşlıqdan və altılıq platformasından bəhs edib. Ərdoğan vurğulayıb ki, Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstan platformasının yaradılması bölgə üçün çox faydalıdır. Onun sözlərinə görə, belə bir platformanın yaradılmasında məqsəd bölgədə sabitlik yaratmaq, düşmənçilikləri ortadan qaldırmaqdır:
“Tək Gürcüstanın bu mövzuda sualları var idi. Son Türkiyə səfərində gürcü Baş nazirlə danışdım və dedim ki, bu, Gürcüstanın da lehinə olacaq, gəlin, bu addımı ataq. Dedim ki, bizim Ermənistanla aramızda olan problemləri bilirsiniz. Amma bütün bunlara baxmayaraq, azərbaycanlı qardaşlarımızın problemlərinin aradan qalxmasını istəyirik. Eyni şəkildə sizin də Rusiya ilə problemlərinizi həll etməyiniz üçün bu platforma yardımçı olacaq. Dedi, çalışaq, yaxşı olar, dedim. Çünki bu bölgənin sülhə ehtiyacı var, bunu bacarmağımız lazımdır”.
Ərdoğanın “altılıq” platforması ilə bağlı dediklərini “Şərq”ə dəyərləndirən politoloq Elxan Şahinoğlu bildirib ki, bu ideya Türkiyə liderinə məxsusdur və müharibədən sonra bir neçə dəfə səsləndirib.
Analitikə görə, Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin də dəstəyini alıb:
“Ərdoğan Şuşada olduğu kimi Milli Məclisdəki çıxışında yenə Ermənistana çağırış edərək bu platformadan Ermənistanın da qazanclı çıxa biləcəyini dedi. Ermənistanın Zəngəzur dəhlizindən istifadə edərək Rusiyaya çıxış imkanı qazanacağını xatırlatdı. Bundan başqa Türkiyənin Ermənistanla sərhədi aça biləcəyinə işarə etdi. Türkiyə lideri onu da xatırlatdı ki, sərhədin açılması birinci növbədə Ermənistanın xeyrinədir. İkincisi, Ərdoğan 3+3 formatında zəif bəndin heç də Ermənistan olmadığını, Gürcüstan olduğunu bildirdi və bu yanaşmasında haqlıdır. Rusiya Gürcüstanla 2008-ci il müharibəsindən sonra Abxaziya və Cənubi Osetiyanı faktiki ilhaq edib. İki dövlət arasında diplomatik əlaqələr yoxdur, dəmiryolu da işləmir. Buna baxmayaraq, Ərdoğan bugünlərdə Ankarada olan Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə təklif edib ki, onun ölkəsi də “altılıq platforması”na qoşulsun. Qaribaşvili düşünəcəyini desə də, Ərdoğan israrla təklifini xatırladıb”.
E.Şahinoğlunun qənaətincə, əslində Ərdoğan bununla Gürcüstanla Rusiya arasında vasitəçilik təklif edib:
“Gürcüstan üçün qərar vermək çətindir. Çünki Rusiya Abxaziya və Cənubi Osetiyadan vaz keçən deyil. Beləliklə, “altılıq formatı”nın işə düşməsi üçün birincisi, Ermənistan Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanımalı və Zəngəzur dəhlizinin açılmasına razılaşmalı, ikincisi, Gürcüstan Rusiya ilə nəqliyyat layihəsi üzərindən əməkdaşlığı qəbul etməlidir”.