“Zəngəzur dəhlizi ifadəsinin Şuşa Bəyannaməsinə daxil edilməsinin strateji hədəfləri var”.
Bu barədə "Sherg.az"a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
Analitik bildirib ki, rəsmi sənəddə bu ifadənin əks olunması məsələni yenidən aktuallaşdırıb:
“Üçtərəfli razılaşmaların regionda kommunikasiyanın bərpası ilə bağlı bəndlərində nə dəhliz, nə də Zəngəzur ifadəsi var. Ermənistan da bu ifadənin olmamasına istinad edirdi.
Prezident İlham Əliyev martın 6-da cəmiyyətdə “Naxçıvan dəhlizi” adlandırılan, Naxçıvanı Azərbaycanla birləşdirən nəqliyyat kommunikasiyasını Zəngəzur dəhlizi elan etdi. May ayında Türkiyənin Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu qəbul edərkən, bu kommunikasiya xəttinin beynəlxalq müstəvidə də Zəngəzur dəhlizi kimi təsbit edildiyini açıqladı. Şuşa Bəyannaməsinə daxil edilməklə, Zəngəzur dəhlizi ifadəsi ilk dəfə rəsmi sənəddə əksini tapmış oldu”.
A.Nərimanlının sözlərinə görə, bu məqam Zəngəzura qayıdış strategiyasında əhəmiyyətli gedişdir:
“Bununla Zəngəzur dəhlizi ifadəsi geosiyasi leksikona daxil edilir. Zəngəzurun Azərbaycanın tarixi torpağı olması faktı beynəlxalq müstəvidə aktuallaşır. Geosiyasi leksikonda Zəngəzur dəhlizi ifadəsinin səslənməsi Zəngəzurun, həm də onun tarixinin dünyanın gündəmində qalmasına imkan yaradır. Azərbaycan bu yolla tarixi torpağı Zəngəzura qayıdışını beynəlxalq müstəvidə legitimləşdirə bilər”.