Siyasilər Jirinovskini bu dəfə haqlı saydılar

Yoldan ötən təsadüfi adamların parlamentə düşməsi fəlakətdir

Bizim parlamentdə də dükan açıb alver edənlər, yaxşı meşə qıranlar az deyil


Hər zaman qalmaqallı açıqlamalarla gündəmə gələn Rusiya Lideral Demokrat Partiyasının lideri Vladimir Jirinovski “Komsomolskaya Pravda” radiosunun efirində Dövlət Dumasında (parlamentdə) kosmonavtların, rəssamların, şairlərin, idmançıların və estrada ulduzlarının təmsil olunmasına qarşı çıxıb. O, Dumanın hazırkı tərkibini kəskin şəkildə tənqid edərək, qeyd edib ki, siyasi partiya belə şəxslərin deputatlığa namizəd verilməsinə razı olmamalıdır: “Bura filarmoniya və ya İdman Nazirliyi deyil”. Məlum olduğu kimi bu ilin sentyabrında Rusiya Dumasına növbəti seçkilər keçiriləcək. Seçkilər həm də proporsional qaydada baş tutacaq.

Azərbaycan mediası bizim deputatlardan da Jirinovskinin fikirlərinə münasibət alıblar. Millət vəkili Razi Nurullayev “Yeni Müsavat”a açıqlamasında deyib ki, insanların  hüquqlarını məhdudlaşdırmaq olmaz. Onun sözlərinə görə, kim istəyirsə, qanunvericiliyin tələblərinə uyğun namizədliyini irəli sürüb, deputat ola bilər: “İnsanlara demək olmaz ki, “sən aktyor və yaxud müğənnisən, buna görə də sən deputat ola bilməzsən. Ancaq partiyalar özü bununla bağlı qərar qəbul edə bilər ki, namizədlərlə bağlı təqdim etdikləri siyahıda aktyor, şair, rəssam olmasın”.

Millət vəkili Fazil Mustafa isə deyib ki, Jirinovskinin iradı parlamentdə müəyyən dərəcədə idman, incəsənət sferasından gələn, işini yalnız düymə basmaqla bitmiş hesab edən insanlara qarşı yönəlib və əslində haqlıdır:

Parlament yalnız düymə basma yeri deyil, əksinə, siyasi fəallıq yeridir”. 

Jirinovskinin açıqlamasını “Şərq”ə dəyərləndirən siyasi şərhçi Azər Həsrət rusiyalı siyasətçinin daha çox kloun kimi çıxış etdiyini bildirsə də, bəzi fikirlərinin cəmiyyətdə müzakirələrə səbəb olduğunu deyib. Ekspertin sözlərinə görə, ümumiyyətlə, “parlament necə formalaşmalıdır, orada kimlər təmsil olunmalıdır” sualı ətrafında zaman-zaman ciddi müzakirələr aparılıb:

“Azərbaycan Konstitusiyasında yaşı 18-i ötmüş istənilən vətəndaşımız, bəlli istisnalar olmaq şərti ilə deputatlığa iddia edə bilər. Kiminsə buna qarşı çıxmağa haqqı yoxdur, çünki majoritar seçki sistemidir. Fərdi şəkildə kim istəsə namizədliyini irəli sürər. Yaxud, namizədliyi hansısa siyasi partiya, təşəbbüs qrupu tərəfindən irəli sürülər. Amma “parlament kimlərdən təşkil edilməlidir” məsələsi tamam başqadır. Razi bəy mövcud qanuna əsaslanaraq, fikir səsləndirir və haqlıdır. Fazil Mustafa da haqsız sayılmaz. Həqiqətən, Azərbaycan parlamentininin həm indiki, həm də əvvəlki tərkiblərində təsadüfi adamlar çoxdur. Milli Məclisdə parlamentarizmin nə olduğunu anlamayan, deputat fəaliyyətindən uzaq olan, ora düşənədək siyasi fəallığı ilə seçilməyən adamlar “N” qədərdir. Məhz onların ucbatından parlament “ölü quruma” çevrilib. Təbii, kiçik istisnalar hər zaman var. Deputatların müəyyən bir qrupu fəaldır, üzdədir, görünürlər və insanlar üçün əlçatandırlar. Amma bu, azlıqdır. Halbuki, parlamentin üzvlərinin hamısı aktiv olmalıdır”. 

A.Həsrət qeyri-siyasi peşə sahiblərinin Milli Məclisə düşməsinə bu cür münasibət bildirib: “Doğrudanmı Milli Məclisdə aktyorlar, kosmonavtlar, idmançılar mütləq yer almalıdır?! Məntiqlə düşünsək, sual edərik ki, kosmonavtın parlamentdə nə işi var? Axı kosmonavtın fəaliyyəti qeyri-siyasidir. Öz sahəsində daha çox faydalı ola bilər.

Yaxud, qaçış üzrə idman ustası Milli Məclisdə niyə təmsil olunmalıdır? İddianın özü anormaldır. Düzdür, hər kəsin hüququ var ki, namizəd olsun. Amma qaçış ustası, kosmonavt parlamentdə hansı qanunvericiliklə məşğul olacaq, nə iş görəcək? Məncə, yoldan ötən təsadüfi adamların parlamentə düşməsi fəlakətdir. Eyni zamanda hər yoldan ötənin deputatlığa iddialı olması da fəlakətdir. Parlamentə o kəs iddia etməlidir, uzun müddət ictimai-siyasi fəaliyyətlə məşğul olur, təkcə Azərbaycanı deyil, dünyanı öyrənir və s. Kosmonavt, idman ustası deputat seçilsə və sabahı gün təsadüfən Amerika prezidenti ilə üz-üzə gəlsə, çaşdığından özünü itirəcək. Parlamentdə təmsil olunacaq şəxs ABŞ prezidenti ilə təkbətək söhbət edəcək biri olmalıdır. Partiyalar öz namizədlərini müəyyən edərkən bu məqamları mütləq diqqətə almalıdır. Məsələn, Qaradağ rayonunu parlamentdə bir xanım təmsil edir. İnanın, onu nə deputat olanadək tanıyan var idi, nə də seçiləndən sonra kimsə tanıyır. Belə adamları Milli Məclisə doldurmağın mənası nədir?”. 

Analitikin firkincə, bu cür şəxslərin önəmli bir kürsünü zəbt etməyə, dövləti geri çəkməyə haqları çatmır:

“Parlamentimiz o cür adamlarla doludur. Təsadüfən birinə mikrofon uzadın, nəyisə sual edin, dərhal özlərini itirəcəklər, titrəyəcəklər, səsləri kəsiləcək, boğazları quruyacaq. Deputatlar sadəcə onları danışdıranda deyil, istənilən anda danışmağı bacarmalıdır. Millət vəkilinin ağzından dürr tökülməlidir. Daim ictimai-siyasi proseslərin içində olmalıdır. Parlamentdə bu keyfiyyətlərə malik neçə deputat var? Sonuncu seçkidən bu yana dəfələrlə dediyimi yenə təkrar edirəm - indiki tərkib buraxılmalıdır. 44 günlük Vətən müharibəsində deputatların böyük əksəriyyəti gözə görünmədi. Bu adamlar Prezidentin gecə-gündüz çalışmalarında yer almadılar. Lakin aralarında kənd təsərrüfatını yaxşı bilənlər, dükan açıb alver etməyi bacaranlar, yaxşı meşə qıranlar az deyil. İmkan verək, gedib bildikləri işlə məşğul olsunlar. Bu faktlara görə hardasa Jirinovskiyə haqq qazandırmaq olar”.