Ermənistan Türkiyə-Azərbaycan ittifaqının yaranmasından və regionda təklənməkdən əndişələnir
İmzaların atıldığı gündən xeyli zaman ötsə də, Şuşa Bəyannaməsi hələ də müzakirə mövzusudur. Xüsusən, Rusiya və Ermənistan mediasında, ekspert dairələrində qardaş ölkə ilə müttəfiqlik sənədi ətrafında geniş təhlillər aparılır. Hətta imzalanma mərasimindən sonrakı bütün ciddi proseslərin məhz Şuşa Bəyannaməsi fonunda cərəyan etdiyi deyilir. Erməni akademik Ruben Safrastyan deyib ki, Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan ümumi dövlətinin yaranmasının başlanğıcı deməkdir.
Safrasyan iddia edib ki, Turan Ordusu da hədəflərdən biridir. O vurğulayıb ki, bu ideya hələlik uzaqda görünsə də, aktiv danışıqları və imzalanan razılaşmaları nəzərə alsaq, türk ölkələri arasında hərbi əməkdaşlığın daha konkret baş tutacağını təxmin etmək olar. Akademik yaxın gələcəkdə türk ölkələrinin hərbi-siyasi blok yaradacağını da istisna etməyib. Safrasyan bu sənədin eyni zamanda “pantürkist” ideyasını əks etdirdiyini ehtimal etdiyini də bildirib: “Türkiyə göstərir ki, Azərbaycan kimi, gələcəkdə digər türk ölkələrinin də inteqrasiyası mümkündür. Ankara bu istiqamətdə aktiv şəkildə işləyir, öz potensialını müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə istifadə edir. Türkiyənin “Bayraqdar” PUA-sı İkinci Qarabağ savaşından sonra böyük populyarlıq qazanıb, Ankara öz silahını türk dünyasında geniş reklam edir və hərbi sahədə əməkdaşlığa təşviq edir”. Onun sözlərinə görə, Şuşa Bəyannaməsinin mətnini oxuyarkən, bunun Azərbaycan-Türkiyə ittifaq dövlətinin əsasını qoyan sənəd olduğunu təxmin etmək olur: “Sənəd özündə daha başqa mənalar da kəsb edir”.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Politoloqlar Klubunun sədri Elman Vəliyev deyib ki, Şuşa bəyannaməsinin imzalanmasının 1 ayının tamam olmasına baxmayaraq bu bəyannamə bəzi dövlətləri narahat etməkdədir. Onun sözlərinə görə, xüsusilə Ermənistan tərəfi Türkiyə-Azərbaycan əlaqələrinin dərinləşməsini özləri üçün bir təhdid sayır:
“Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasında bağlanan müqavilələr içərisində ən vacibidir. Daha əvvəl də hər iki tərəf arasında müqavilələr imzalanıb. Amma budəfəki kimi aşkar formada, daha müfəssəl şəkildə əhatə etmirdi. Bəyannamə təhlükəsizlik, iqtisadi, hərbi əməkdaşlığı özündə ehtiva edir. Bəyannamənin işğaldan azad edilmiş Şuşa şəhərində açıq şəkildə media qarşısında imzalanması sübliminal mesaj xarakteri daşıyır. Türkiyə daim Azərbaycana yardım etməyə hazır olduğunu bildirib. Amma rəsmi sənəd olmadığından bəzən bu məsələlər müşkül vəziyyətə düşürdü. İndi Türkiyə Azərbaycana və yaxud əksinə, Azərbaycan Türkiyəyə açıq şəkildə yardım edərsə, bu, rəsmi standartlara cavab verəcək. Çünki tərəflər arasında hüquqi bir bəyanat imzalandı. Ermənistanın bir qonşusu Türkiyə, digər qonşusu Azərbaycandır. İki gücün birlikdə əməkdaşlığı Ermənistanı narahat etməyə bilməz. Nəinki Ermənistanı, anti-türk gücləri də narahat edir. Ermənistan tərəfinin qorxusu bölgədə təklənməkdir. Ona görə Rusiya və Fransanı özünə arxa-dayaq görür. Ehtiyat edir ki, bölgə Türkiyə-Azərbaycan ittifaqının tam nəzarətində olar və Ermənistan bu ittifaqdan asılı hala salına bilər”.
Analitik vurğulayıb ki, Şuşa Bəyannaməsinin mühüm bir nüansı odur ki, Qarabağda olan qüvvələr missiyalarının bitməsi zamanı iğtişaş yaradarsa, bəyanatın müvafiq bəndinə əsasən, Türkiyə qoşunları qanuni şəkildə Azərbaycana dəstək verə biləcək: “Digər yandan Qarabağdakı sülhməramlıların bölgədə varlığı digər qüvvələri - Qərbi, ABŞ-ı narahat etməkdədir. Bəzi xarici “ekspertlər” deyirlər ki, sülhməramlılar 5 ildən çox qalacaqlar. Zənn etmirəm ki, sülhməramlıların missiyalarının tamamlandığı vaxt onlardan geri çəkilmələrini tələb etsək, qarşıdurma yaranacaq. Əgər belə bir şey baş verərsə, beynəlxalq aləm bu qüvvələrin sülhməramlı olmadığını görmüş olacaqlar”.
E.Vəliyevə görə, türk dövlətlərin əməkdaşlıqları getdikcə artmaqdadır:
“Zəngəzur dəhlizi türk dünyası üçün olduqca vacibdir. Bu dəhliz türk dövlətləri arasındakı əlaqələri daha da intensivləşdirəcək. Dəhlizdən keçən nəqliyyat, rabitə və infrastruktur layihələri türk dünyası üçün mühüm rol oynayır. Azərbaycan birbaşa quru yolla Naxçıvanla, Türkiyə ilə əlaqə yarada biləcək. Qarşılıqlı ticarət xeyli sürətlənəcək. Zəngəzur dəhlizi Asiya ilə Avropanı birləşdirən, beynəlxalq yükdaşımaları təmin edən önəmli marşrut olacaq. Dəhlizin iqtisadi üstünlüyünü sübut edən amil Çinin bu layihəyə böyük önəm verməsidir”.
Ekspert hesab edir ki, Ermənistan tərəfi kompromisə getmək əvəzinə konflikti davam etdirmək yolunu tutarsa, ciddi təhlükə ilə üzləşəcək: “Sülh ən çox Ermənistana lazımdır. Armen Qriqoryan bildirir ki, Əgər Ermənistan regionda kommunikasiyaların açılmasına etiraz etmirsə, o halda Türkiyə ilə münasibətlərdə bəzi dəyişikliklər edilməlidir. Dəyişikliklər deyəndə, buzları əritmək nəzərdə tutulur. Fikrimcə, bu, Ermənistan üçün ən doğru seçimdir”.