Strateji hədəflərimizdən biri açıqlandı

Biz Zəngəzura dədə-baba torpaqlarımıza qayıtmalıyıq

Prezident İlham Əliyev ötən günlərdə şəhid ailələri və qazilərlə görüşündə bir sıra mühüm məqamlara toxundu. Dövlət başçısı ilk növbədə münaqişənin öz həllini tapması və “Dağlıq Qarabağ” anlayışının mövcud olmaması ilə bağlı qəti mövqeyini bir daha xatırlatdı. Ölkə başçısı əvvəllər də öz çıxışlarında və müsahibələrində dəfələrlə bildirmişdi ki, artıq Azərbaycan üçün Qarabağ problemi yoxdur və bu problem tarixə qovuşub. Prezidentin yenidən bu məsələyə toxunması ermənilərin son günlər yenidən gündəmə gətirdikləri “status”la bağlı xülyalarına həmişəlik son qoymaq üçün idi. Bu ifadələr eyni zamanda “status” məsələsini yenidən müzakirə predmetinə çevirmək istəyən ATƏT-in Minsk qrupunun həmsədrlərinə verilən ismarıc kimi də dəyərləndirilə bilər.


O baxımdan həmsədrlər və revanşist Ermənistanın digər havadarları birmənalı dərk etməlidirlər ki, bundan sonra heç bir “status”dan söhbət belə gedə bilməz. Çünki rəsmi Bakı üçün bu məsələ tamamilə bitmiş sayılır. Bu mənada, 10 noyabr razılaşmasının altında imzası olan Rusiyanın ABŞ və Fransa ilə eyni mövqedən çıxış edərək, Qarabağda münaqişənin bitmədiyini göstərməyə çalışması tamamilə absurddur. 

Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov “Şərq”ə açıqlamasında bəyan edib ki, Rusiya postmünaqişə dövründə sülh və təhlükəsizliyin əldə edilməsini təmin etmək əvəzinə, əksinə, buna mane olur. Bu məqsədlə də Qarabağdakı separatçılardan, Ermənistan silahlı qüvvələrinin qalıqlarından təxribatlar törətmək, atəşkəsi pozmaq üçün istifadə edir:

“Fransa Prezidenti Emmanuel Makron bu günlərdə İrəvana səfər etməyə hazırlaşır. Əlbəttə, onun gəlişindən müsbət bir şey gözləməyə dəyməz. Çünki Makronun məqsədi regionda sülh yaratmaq yox, əksinə, Ermənistanı revanşizmə təhrik etməkdir. Lakin böyük güclərin hansı planları cızmasından asılı olmayaraq, Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində, o cümlədən Xankəndidə suverenliyimiz tezliklə bərpa olunacaq. Başa düşürük, Şuşa bəyannaməsi çoxlarının yuxusuna haram qatıb. Lakin Qarabağda hansısa süni gərginliklər yaratmaqla nəyəsə nail olmaq mümkünsüzdür. Rusiya sülhməramlılarının şərait yaratması və göz yumması ilə erməni separatçılarının yenidən fəallaşması yalnız Moskvanın özünə zərər verəcək”. 

Partiya rəhbəri vurğulayıb ki, ölkə başçısı İlham Əliyevin çıxışında Zəngəzur, Göyçə və İrəvana qayıdış məsələsinə toxunması və 10 noyabr bəyanatına istinad etməsi olduqca mühümdür:

“Prezident bildirdi ki, Bəyanata əsasən, bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bu isə o deməkdir ki, təkcə Qarabağdan olan məcburi köçkünlər yox, Qərbi Azərbaycandan olan qaçqın soydaşlarımız da öz dogma yurd yerlərinə - Zəngəzura, Göyçə mahalına, İrəvana qayıtmalıdırlar və qayıdacaqlar. Beləliklə, dövlət başçısı tarixi torpaqlarımıza qayıtmaq hədəfimizi artıq sadəcə publik çıxış kimi deyil, rəsmi sənədə istinadən açıqlayır, gündəmə gətirir və bu məsələyə legitimlik qazandırır.

Bu mənada Prezidentin “Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır” - deməsi qətiyyən söz xatirinə deyilmiş ifadələr deyil. Bu, həm ismarıc, həm də strateji hədəflərimizdən biridir. Bununla Qarabağ münaqişəsini yenidən dirçəltmək istəyən güclərə xəbərdarlıq edildi”.