"Bütün oyunlar Zəngəzur dəhlizin başındadır" - Açıqlama

"Bizim üçün maraqlı məsələ Zəngəzur dəhlizinin açılmasıdır".

Bu sözləri "Sherg.az"a politoloq Azər Qasımov deyib. 

Analitik bildirib ki, Ermənistan bu məsələdən bizə təzyiq vasitəsi kimi istifadə edir: 

"Bütün oyunlar bu dəhlizin başındadır. Məqsəd həm də təzminat məsələsinin qarşısını almaqdır. Təzminat məsələsi bütün Ermənistanı çökdürə biləcək məsələdir. Digər yandan Ermənistanın öz təhlükəsizliyini təmin etmək üçün atmaq istədiyi addımları təbii qarşılamaq lazımdır. Fransa qoşunlarının sərhədə gətirilməsi bizdən daha çox Rusiyanın problemidir. 

Amma Rusiya bəzi məsuliyyətlərdən qaçmaq üçün bu yükü üzərindən ata, Fransa hərbçilərinin Ermənistan sərhədinə gəlməsinə razılıq verə bilər. Hətta Moskva özü bunu təklif kimi səsləndirər. Lakin bu məqam Zəngəzur dəhlizinin açılmasının qarşısını ala bilər. Xatırladım ki, Putin 10 noyabr sazişinin şərtlərinin yerinə yetirilməməsi və yeni müharibə haqda fikir bildirib. Deməli, planda nəsə var. Hərçənd, Putin müharibə istəməyən kimi danışıb".

Ekspert qeyd edib ki, biz ilk növbədə ordumuzu daha da gücləndirməli, yeni ərazilərdə lojistik tədbirləri sürətləndirməliyik: 

"Xüsusən, Kəlbəcər ərazisinə diqqət yetirməliyik. Hesab etmirəm ki, bütün bu danışılanlar yeni müharibə üçündür. Müharibə regional, hətta daha geniş miqyasda müharibəyə səbəb ola bilər. Ona görə də kimsənin buna gedəcəyi inandırıcı deyil. Amma yenə də sülh istəyiriksə, müharibəyə hazır olmalıyıq".