Əskiparada yaxın günlərdə bayrağımız dalğalanacaq

Erməni tərəfinin etirafları göstərir ki, tezliklə həmin bölgələr Azərbaycana təhvil veriləcək


Qazaxın işğal altında olan Əskipara kəndində boş bayraq dirəyi quraşdırılıb. Dirəyin fotoları sosial şəbəkələrdə yayılıb. Erməni mediası dirəyin Azərbaycan bayrağının asılması üçün hazırlandığını yazıb. Ehtiyatda olan erməni polkovnik-leytenant Razmik Qriqoryan deyib ki, bayraq dirəyinin məqsədini kənddə yaşayanlardan soruşub. Sakinlər bildiriblər ki, dirək bir neçə gün öncə qoyulub və deyilənə görə, orada Azərbaycan bayrağı dalğalanacaq. Məlumata görə, Rusiya hərbçiləri də Əskipara kəndinə yerləşdirilib. Onların gəlişinin Qazaxın 7 kəndi istiqamətində sərhədin delimitasiyası prosesi və o istiqamətdən keçəcək kommunikasiya marşrutu ilə bağlı olduğu ehtimal edilir. 

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə “Şərq”ə açıqlamasında bildirib ki, 10 noyabr və 11 yanvar razılaşmalarının əsas müddəalarından biri Azərbaycan-Ermənistan arasında dövlət sərhədinin delimitasiya və demarkasiyası prosesidir. Analitik deyib ki, müzakirələr başlasa da, Ermənistan 10 aydan çoxdur ki, prosesi uzatmağa çalışır:

“Lakin İrəvan hökuməti real vəziyyətlə barışmağa başlayıb. Paşinyan hakimiyyəti dərk edir ki, Azərbaycan gec-tez öz rəsmi sərhədlərini bərpa edəcək və bunun üçün bütün zəruri addımları atacaq. Erməni işğalındakı anklav bölgələrin, Qazaxın 7 kəndinin Azərbaycana qaytarılması ümumi anlaşmaların və sərhədlərin müəyyənləşməsinin əsas tərkib hissəsidir. Rəsmi Bakı Qazaxın 7, Naxçıvanın Kərki kəndinin qeyd-şərtsiz geri verilməsini tələb edir. Azərbaycan tərəfi vurğulayır ki, sərhədlərin demarkasiyası yalnız bundan sonra tamamlana bilər. Rusiya sülhməramlılarının Qazaxın işğaldakı kəndlərinə yerləşdirilməsi və Əskipara kəndində bayraq dirəyinin qurulması, ən əsası isə erməni tərəfinin etirafları göstərir ki, yaxın günlərdə həmin bölgələr Azərbaycana təhvil veriləcək. Ümumiyyətlə, bu proses son nəticədə rəsmi Bakının xeyrinə həll olunacaq. İndiki gedişat onu göstərir”.