Paşinyanı kənardan təlimatlandıran qüvvələr var, onlar İrəvanı təxribatlara sövq edirlər
Üçtərəfli bəyanatda nəqliyyat və iqtisadi əlaqələrin bərpasına dair müddəalar region dövlətlərinin əməkdaşlığı və inkişafı üçün böyük imkanlar yaradır. Məsələn, Rusiya Zəngəzur dəhlizi vasitəsilə birbaşa regionda əsas iqtisadi tərəfdaşı olan Ermənistana quru yolla çıxış əldə edəcək. Türkiyə birbaşa Azərbaycan və Mərkəzi Asiyadakı türk dünyası ilə əlaqə yaradacaq. Azərbaycan Naxçıvan Muxtar Respublikasının blokadasını aradan qaldıracaq. Əgər Ermənistan sülh siyasətinə yönələrsə, yeni imkanlardan faydalanmaq şansı əldə edəcək. Ermənistan yeni dəhliz vasitəsilə birbaşa istər Rusiyaya, istərsə də Avrasiya İqtisadi İttifaqının bazarlarına quru yolla çıxış əldə edəcək. Belə çıxışın olmaması İrəvan üçün əsas iqtisadi maneələrdən biridir. Zəngəzur dəhlizinin əsas üstünlüklərindən biri onun həm İran, həm də Ermənistan üçün faydalı olmasıdır. İki ölkə məhz bu dəhliz vasitəsilə dəmir yolu əlaqələrini bərpa edə bilər. Son 30 ildə cərəyan edən hadisələr, qonşu ölkələrə qarşı qeyri-qanuni ərazi iddiaları sosial-iqtisadi problemlərə səbəb olub və regional inkişaf imkanlarından tam istifadəyə imkan verməyib.
Bu gün Ermənistanın iqtisadi blokadadan çıxmaq, həmçinin dərin kök salmış sosial-iqtisadi problemləri həll etmək şansı var. Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmaq erməniləri ağır nəticələrlə üzləşdirəcək. Bu, Ermənistanın 10 noyabr Bəyanatını yerinə yetirməkdən imtina etməsi anlamına gələcək. Xatırladaq ki, tərəflər arasında hərbi əməliyyatlar məhz bu sənədə əsasən dayandırılıb. Ermənistan Baş naziri Nikol Paşinyanın hökumətin iclasında səsləndirdiyi fikirlər İrəvanın mövcud reallıqları dərk etməyə başladığını göstərir. Paşinyan çıxışı zamanı Ermənistanın bölgədə kommunikasiyaların açılmasında qərarlı olduğunu deyib. Baş nazir xatırladıb ki, avqustun 24-də hökumətin 5 illik proqramını parlamentə təqdim edərkən qonşu ölkələrlə münasibətlərin dərinləşdirilməsi və ya normallaşdırılmasının Ermənistan hakimiyyəti üçün ən vacib iş sahələrindən biri olacağını deyib: “Həm İran, həm də Gürcüstanla müzakirə olunan məsələlərin gündəliyində regional kommunikasiyaların inkişafı mövzusu ciddi rol oynayır və bu kontekstdə Şimal-Cənub layihəsinə önəm verirəm”. Paşinyanın sözlərinə görə, Ermənistanın Rusiya və İranla dəmir yolu əlaqəsi qurması son dərəcə vacibdir. Bu məsələnin üçtərəfli formatda həlli üçün kommunikasiyaların açılması məsələsi müzakirə olunur: “Bakının Naxçıvanla da əlaqə qurmaq istədiyini anlayaraq, konkret nəticələr əldə etmək üçün səy göstərməyə qərarlıyıq və hazırıq. Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı gündəm vacibdir. Bunun üçün lazımi şəraitin yaradılmasına çalışırıq”.
İrəvanın sərgilədyi mövqe ilə bağlı “Şərq”ə danışan millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu deyib ki, Paşinyan bir neçə dəfə kommunikasiyaların açılmasında, Azərbaycanla bağlı danışıqların aparılmasında maraqlı olduğunu bildirib. Lakin deputat bildirib ki, Paşinyan bunların yanında öz şərtlərini də irəli sürüb:
“İrəvan hökuməti münaqişənin hələ bitmədiyini bəyan edir, Minsk qrupunun qaytarılmasından danışır, mövcüd olmayan “status” məsələsini gündəmə gətirir və s. Yəni Paşinyan və onun komandası hər konstruktiv açıqlamanın əvvəlində, yaxud sonunda müəyyən şərtlər də qoyur. İrəvanın mövqeyində aşkar paradoks görünməkdədir. Lakin ümumən, Paşinyanın kommunikasiyaların açılması, Azərbaycanla danışıqların aparılması istiqamətində açıqlamaları pozitiv qarşılana bilər. Əgər Ermənistan konyuktur davranış sərgiləmədən regional əməkdaşlıqdan, kommunikasiyaların açılmasından danışırsa, İrəvanın səmimiyyətinə inanmaq olar. Ermənistan tərəfi indiki reallığı nəzərə almalıdır. Paşinyan hökuməti mövcud durumu dəyişdirmək imkanına sahib deyil və reallıqla ayaqlaşmaq məcburiyyətindədir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Ermənistanın alternativ seçim şansı yoxdur. İrəvanın yeganə yolu ondan ibarətdir ki, Azərbaycanla danışıqlara gəlsin, əməkdaşlığa qoşulsun və sülh sazişini imzalasın”.
Parlament üzvü vurğulayıb ki, Paşinyanı kənardan təlimatlandıran qüvvələr var, onlar İrəvanı hərbi təxribatlara sövq edirlər:
“Münaqişənin sanki davam etdiyi təəssüratını yaradaraq, məsələnin müzakirəsini ATƏT-in Minsk qrupu platformasına qaytarmağa çalışan dairələr mövcuddur. Amma bütövlükdə proseslər Azərbaycanın nəzarəti altında cərəyan edir. Rəsmi Bakı öz mövqeyini möhkəmləndirməkdədir. Dövlət başçısının “Ermənistan tərəfi istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq” ifadəsi də İrəvan üçün ciddi siqnal oldu. Eyni zamanda paralel olaraq işğaldan azad edilmiş torpaqlarımızda sürətli quruculuq işləri davam edir. Nəqliyyat kommunikasiyaları qurulmaqdadır. 3 hava limanının tikilməsi haqqında qərar verilib. Sentyabrın 5-də Füzuli hava limanında ilk sınaq uçuşu həyata keçirildi. Təbii ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində baş verənlər Ermənistan və onun havadarları tərəfindən diqqətlə izlənilir. İrəvan anlayır ki, bütün bunlar iqtisadi layihələrlə yanaşı, həm də Azərbaycanın müdafiə qabiliyyətini, təhlükəsizliyini artıran əsas faktorlardır. Yəni Paşinyan mövcud vəziyyətin diktəsi altında üzüyola mövqe sərgiləmək məcburiyyətində qalıb”.