“Azərbaycan ATƏT-ə ehtiyac duymur”

BMT Baş Assambleyasının 76-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveç xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin bir sıra istiqamətlər üzrə inkişaf etdiyini və bu əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcud olduğu qeyd edilib.

Nazir C. Bayramov bölgədə olan cari təhlükəsizlik vəziyyəti, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, Ermənistan tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına zidd davranış və digər məsələlər barədə həmkarına məlumat verib. Eyni zamanda, münaqişədən sonrakı bərpa və yenidənqurma mərhələsi ətrafinda fikir mübadiləsi aparılıb. Nazirlər, Azərbaycanın ATƏT ilə əməkdaşlığı məsələləri, habelə ATƏT-in Nazirlər Şurasının toplantısına hazırlıq məsələlərini müzakirə ediblər. Görüş zamanı tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyində duran bir sıra məsələlər üzrə fikir mübadiləsi aparıblar.

 Məlum görüşü “Sherg.az”a şərh edən siyasi elmlər doktoru, professor, politoloq Cümşüd Nuriyev bildirib ki, C. Bayramovla ATƏT sədri artıq bir-birini tanıyırlar. Çünki A.Linde ilin əvvəlində Bakıda olarkən elan etmişdi ki, İsveçlə Azərbaycan münasibətləri yeni çalarlar almalıdır:

“ATƏT-in Bakıdakı işçilərinin əksəriyyəti artıq yeni heyətlə işləyirlər. ABŞ, Fransa və Rusiya çalışır ki, Minsk qrupunu “reanimasiyadan çıxarıb” siyasi arenaya gətirsinlər. Bir növ Azərbaycan-Ermənistan postmünaqişə dövrünü tənzimləmək adı ilə siyasi maraqlarını həyata keçirmək istəyirlər. Bu, nə dərəcədə alınacaq deyə bilmərəm. Ancaq Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, ATƏT-in fəaliyyətinə ehtiyac duymur, Qarabağ münaqişəsi deyilən termin və “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Bütün bunların fonunda ATƏT-i yenidən canlandırıb bölgəyə gətirmək Azərbaycanın siyasi maraqlarına uyğun deyil.

Azərbaycan XİN başçısı belə görüşləri keçirməlidir. Bu müzakirələrin aparılmasında ölkəmiz üçün mənfi bir şey görmürəm. 

Yəni sözügedən müzakirə sıradan diplomatik etiket qaydasıdır. Adətən BMT-nin Baş
 Assambleyasının sessiyalarında belə görüşlər keçirilir, memorandumlar imzalanır.

 Ona görə də Azərbaycan-İsveç münasibətlərinin tənzimlənməsi və daha da optimallaşdırılması hər iki ölkəyə sərfəlidir. Azərbaycanla İsveç arasında bu sahədə hər hansı bir narazılıq görmürəm. Lakin bunların fonunda yeni istiqamətin gündəmə gələcəyini düşünmürəm. 

İnanmıram ki, C.Bayramov ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə bağlı hansısa bir danışıq aparsın”.

Yeganə Bayramova