Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən ümumi müzakirələr zamanı videoformatda çıxış edib. O, bildirib ki, Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı.
Prezident deyib ki, Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur: “Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram”.
Millət vəkili Məlahət İbrahimqızı dövlət başçısının sözügedən bəyanatı barədə “Sherg.az”a danışdı. O, söylədi ki, prezident “Dağlıq Qarabağ” toponiminin olmadığını müharibənin ilk günlərindən etibarən nəzərə çatdırırdı:
“Erməniləşmə siyasəti üçün orada qeyri-rəsmi olaraq qondarma bir inzibati ərazi yaradılmışdı. Bu, düşmənlərin “Böyük Ermənistan” ambisiyası ilə bağlı idi. Amma fakt ondan ibarətdir ki, “Dağlıq Qarabağ” yoxdur. Dövlət başçısı yeni inzibati ərazilərlə bağlı sənəd imzalayarkən “Dağlıq Qarabağ” yox, “Şərqi Zəngəzur” ifadəsini işlətdi. Prezidentin BMT kürsüsündə dedikləri beynəlxalq hüquqa əsaslanan həqiqətdir. Dövlət başçısı bunu indiyədək dəfələrlə deyib, ATƏT həmsədrlərinin diqqətinə çatdırıb. Dünya birliyi də bizim ərazi bütövlüyümüzü tanımalıdır. Bizim kimsənin torpağında gözümüz yoxdur, öz ərazi bütövlüyümüzü isə təmin etmişik”.
Kənan Novruzov