"Bakı ilə Tehran arasında heç vaxt yüksək səviyyəli əlaqələr yaranmayacaq: “Bu, sadəcə utopiyadır"
“Qarabağa yüklərin daşınması heç də İranın xoş niyyətindən xəbər vermir”
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə görüşüb.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş zamanı Azərbaycanla İran arasında əməkdaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi vurğulanıb. Nazirlər ikitərəfli münasibətlərin gündəliyində duran bir sıra məsələlər, eləcə də iqtisadi, energetika, ticarət, kənd-təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər həmçinin bölgədə mövcud olan cari vəziyyəti müzakirə ediblər. Ceyhun Bayramov üçtərəfli bəyanatın imzalanmasından sonra azad olunmuş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma və reinteqrasiya prosesləri barədə həmkarına ətraflı məlumat verib. Hüseyn Əmir Abdullahian İran tərəfinin Azərbaycanla hərtərəfli münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb. Görüş zamanı habelə qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı müzakirələr aparılıb.
Bu barədə “Şərq”ə danışan hərbi-siyasi ekspert Həşim Səhrablının fikrincə, Tehran bəyanatında səmimi deyil:
“BMT kürsüsündə belə açıqlamanın verilməsi bizi təəccübləndirməməlidir. Bu, sadəcə siyasi nəzakətdir. Amma siyasətdə sözlərə yox, əmələ fikir vermək lazımdır. Cənub qonşumuzun əməli ilə sözü isə üst-üstə düşmür. Məsələn, Qarabağa yüklərin daşınması heç də İranın xoş niyyətindən xəbər vermir”.
H.Səhrablı düşünür ki, Bakı ilə Tehran arasında heç vaxt yüksək səviyyəli əlaqələr yaranmayacaq:
“Bu, sadəcə utopiyadır. Çünki tərəflərin xarici siyasətin əsas prioritet məsələlərindəki mövqeləri ziddir. Azərbaycan İranın özünə düşmən hesab etdiyi dövlətlərlə yaxşı münasibətlər saxlayır. Eləcə də, Tehran bizim düşmənimiz İrəvanla əməkdaşlıq edir. Bu mənada xarici işlər nazirlərinin görüşünün ciddi nəticəyə səbəb olacağı ağla batmır. Belə görüşlər əvvəllər də dəfələrlə olub. Ən yaxşı halda hansısa məsələlərdə konkret razılaşmalar ola, siyasi hərarət azala bilər. Amma bundan artığı mümkün deyil”.
Kənan Novruzov