General-leytenant Gennadi Anaşkin Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə təyin olunub. Bildirilir ki, Ermənistan Müdafiə Nazirliyinin inzibati kompleksində respublikanın müdafiə idarəsi rəhbərliyinin Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşü keçirilib. Görüş zamanı Qarabağda Rusiya sülhməramlı kontingentinin komandanı general-leytenant Gennadi Anaşkin Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyinə təqdim edilib.
Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin ilk komandanı Rüstəm Muradov olub və onun missiyası sentyabrın 6-da başa çatıb. Sentyabrın 9-da Muradovun yerinə general-mayor Mixail Kosobokov təyin olunmuşdu.
Sülhməramlıların komandanın tez-tez dəyişməsi heç də yaxşıya əlamət deyil. Görünür, nə isə “əmma” var. Hərbi ekspert Ədalət Verdiyev bu barədə “Sherg.az”a açıqlamasında bildirdi ki, belə hallar adətən yol verilən səhlənkarlıqla bağlı olur:
“Məlum olduğu kimi, sülhməramlı kontingent neytral və bitərəf davranmalıdır. Görünür, onlar bu prinsipə əməl etmirlər. Amma Anaşkinlə ciddi dəyişikliyin olacağına inanmıram. İstənilən halda onların fəaliyyətləri ilə bağlı tapşırıqlar Rusiya Müdafiə Nazirliyindən gəlir. Amma üçtərəfli razılaşmanın müddəalarını da görməzdən gələ bilməzlər”.
Ə.Verdiyev düşünür ki, gələcəkdə Anaşkinin də başqa komandanla əvəzlənməsi istisna deyil:
“Hazırkı rəhbərin vaxtı ilə Şimali Osetiyada xidmət etdiyini nəzərə alsaq, onun fəaliyyətini diqqətlə izləməliyik. Altı aydan bir sülhməramlı kontingent dəyişməlidir. Bu isə o deməkdir ki, nə vaxtsa Anaşkin də başqa generalla əvəzlənə bilər”.
Kənan Novruzov