Yoxsulluq, ümidsizlik Gürcüstanı yorub


Xalq bu dəfə Saakaşvilinin qayıdışına yaşıl işıq yandıra bilər

"Payızda Gürcüstana qayıdacağam". Bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib. Saakaşvili bildirib ki, Gürcüstan xalqı yoxsulluğu aradan qaldırmaq və layiqli həyat istəyir: "Xalq bataqlıqda, yoxsulluqda, ümidsiz vəziyyətdə yaşamaqdan yorulub, insanlara verilən yeganə perspektiv ölkədən qovulmaqdır. 

Bu seçkilər yenə də keçiriləcək, millət və tarix qarşısındakı borcumu yerinə yetirəcəyəm, bu dəfə referendumdan əvvəl Gürcüstana gələcəyəm. İvanişvili bu dəfə gürcü xalqını tapdalaya bilməyəcək, hakimiyyəti bitdi”. 

Maraqlıdır, Mixail Saakaşvilinin hakimiyyətə gəlməsini  kimlər istəyir?

 Saakaşvilinin hakimiyyətə gəlməsində maraqlı qüvvələrin olduğunu deyən politoloq Cümşüd Nuriyev "Şərq"ə açıqlamasında bildirib ki, Gürcüstan Qafqazda Rusiya tərəfindən təklənir. Politoloq qeyd edib ki, Ermənistan isə bütün hallarda Rusiyanın Qafqazda vuran, xəyanətkar əlidir: 

"Onlar çalışırlar ki, Gürcüstanda da qüvvələrin tarazlığını yaratsınlar. Daha doğrusu, İvanişvilinin əliylə Rusiya Gürcüstanı özünə 50 faiz tabe elətdirə bilmişdi. Ümumiyyətlə, Gürcüstanda iqtidar-müxalifət bərabərliyi var. Bundan da Qərb yararlanmaq istəyir, xüsusən də Saakaşvili vasitəsilə. Həmçinin, Saakaşvilinin Rusiyaya qarşı həddən çox sərt mövqedə durması həm Qərbə, həm Ukranaya, həm də ABŞ-a sərf edir. Ona görə də onu yenidən hakimiyyətə qaytarmaq istəyirlər. 

Bir faktı da qeyd edim ki, orda yaşayan azərbaycanlılar daha çox Saakaşvilini müdafiə edirlər, yəni burda onun əsas bazası Azərbaycan diasporasıdır. Bilirsiniz ki, rəsmi etiraf eləməsələr də orda 500 mindən çox azərbaycanlı yaşayır. Gürcüstanda hazırda Saakaşvilini istəyənlə istəməyən qüvvələr bərabərdir. 

Gürcüstanda müəyyən gərginlik və  narazıçılıq olduğuna görə daha çox Saakaşvilini istəyirlər. Azərbaycanlılar da bu işə Gürcüstan vətəndaşı kimi siyasi qərar verə bilərlər". 

Aynurə Pənahqızı