Fazil Mustafanın təklifini partiyalar alqışlayır

Müxalifət partiyalarının sədrləri qanun layihələrinin müzakirəsinə qatılmaq istəyir

“Çox istərdim ki, büdcə müzakirələrində müxalifət partiyalarının iştirakına imkan yaradılsın”. Bu təkliflə parlamentin dünənki iclasında millət vəkili Fazil Mustafa çıxış edib. Deputat bildirib ki, belə bir imkan yaradılarsa, partiyalar büdcə ilə bağlı fikirlərini səsləndirə bilərlər: “Bütün müxalifət partiyalarının təmsilçilərinə büdcə ilə bağlı çıxış etmək imkanı yaradılmalıdır”. Xatırladaq ki, Milli Məclisin payız sessiyasında 2022-ci ilin dövlət büdcəsinin müzakirələri aparılacaq. Deputatın təklifindən öncə də bir sıra partiyalar parlamentin iclaslarında, qanunların qəbul olunması prosesində iştirak etmək tələblərini bəyan etmişdilər. Partiya nümayəndələrinin fikrincə, ölkədə fəaliyyət göstərən siyasi təşkilatların qanunvericilik prosesinə cəlb olunması ictimai-siyasi fəallığın artırılması baxımından önəmlidir. 

Fazil Mustafanın təklifini “Şərq”ə dəyərləndirən Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib ki, vaxtı ilə onlar da bu cür təkliflərlə çıxış ediblər. Partiya rəhbərinin sözlərinə görə, ölkədə fəaliyyət göstərən siyasi qurumların ölkə həyatında daha fəal iştirakını təmin etmək lazımdır: 

“Təklif etmişdik ki, qanun layihələrinin parlamentdə ilkin oxunuşu zamanı siyasi partiyalar da prosesə cəlb olunsun. İstənilən qanun layihəsi ictimaiyyət üçün açıq olmalıdır. Siyasi partiya təmsilçilərinə öz təkliflərini irəli sürmək imkanı yaradılmalıdır. Təbii ki, ən önəmli məqam partiyalar tərəfindən təklif edilən dəyişikliklərin dəyərləndirilməsi və nəzərə alınmasıdır. Təəssüflər olsun ki, xeyli əvvəl səsləndirdiyimiz təkliflərə məhəl qoyulmayıb. Axırıncı dəfə sentyabrın 9-da siyasi partiyaların sonuncu görüşündə təklifimizi gündəmə gətirmişik. Təkcə biz yox, bir sıra partiya rəhbərləri də qanun layihələrinin müzakirələrinə qatılmaq istədiklərini bəyan etmişdilər. Hesab edirik ki, siyasi partiyalar önəmli qanun layihələrinin, ölkə üçün taleyüklü məsələlərin müzakirələrində mütləq yer almalıdır. Xüsusən, büdcə müzakirələrinə cəlb olunmaq olduqca vacibdir. Büdcə dövlət və xalq üçün önəmli sayıldığına görə, müzakirələrə ayrılan vaxt da, toplantıda iştirak edənlərin sayı da kifayət qədər çox olmalıdır. Təşəkkür edirik ki, hörmətli Fazil bəy məsələni parlamentdə qaldırdı. Ümid edirik, reaksiya müsbət olacaq”. 

İsmayıl Qocayev