Taktikadır, hədəfi özündən yayındırır

Qurtuluş üçün Paşinyan onunla çiyin-çiyinə olmuş adamların hamısını həbs etdirəcək

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan həbs olunub. Bu barədə Ermənistan mətbuatı xəbər verir. Məhkəmə keçmiş nazirin iki ay həbsi barədə qərar çıxarıb. Tonoyanın vəkili onun təqsirsiz olduğunu qeyd edib. Qərarla bağlı apelyasiya şikayəti veriləcək. Məlumata görə, David Tonoyan və David Qalstyan Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən 2011-ci ildə keyfiyyətsiz silah tədarükü ilə bağlı açılan cinayət işi çərçivəsində saxlanılıb. Ötən gün mətbuatda Tonoyanın mənzilində axtarış aparıldığı, bundan sonra keçmiş nazirin həbs oluna biləcəyi barədə məlumatlar yayılmışdı. 

Paralel olaraq keçmiş aviasiya rəisi Avetik Muradyan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın mənzillərində axtarışlar aparılıb. Ölkə Prezidenti Armen Sarkisyanın sərəncamı ilə David Tonoyan 2020-ci il noyabrın 20-də Ermənistanın müdafiə naziri vəzifəsindən azad edilib.

Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov  "Şərq"ə açıqlamasında bildirib ki, Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın həbs olunmasıyla Nikol Paşinyan öz üzərindən diqqəti yayındırmağa çalışır. Politoloq hesab edir ki, sabiq müdafiə nazirinin həbs olunması birbaşa Paşinyanın sifarişi ilə həyata keçirilib: 

"Vətən müharibəsindəki birabırçı məğlubiyyətdən və kapitulyasiya aktından sonra  Nikol Paşinyan bu addımı ilə özündən diqqəti yayındırmağa çalışır. Çünki əgər Ermənistana yararsız silahlar alınıbsa, Ermənistanın konstitusiya quruluşuna görə bu məsələdə ilk növbədə günahkar ali baş komandan hesab olunan baş nazirdir. Nəzərə alaq ki, Ermənistanda müdafiə naziri də baş nazirin sərəncamı ilə təyin olunur. Bu baxımdan da hesab edirəm ki, David Tonoyanın həbs olunması birbaşa Paşinyanın sifarişi ilə həyata keçirilib. Ermənistanda hökm sürən ictimai, siyasi, sosial, iqtisadi xaos mühitində fikirləri yayındırmaq və ümumiyyətlə, ölkə daxilindəki problemlərdən qurtuluş üçün Nikol Paşinyan Vətən müharibəsi dövründə onunla çiyin-çiyinə olmuş adamların hamısını həbs etdirəcək. Bununla bağlı artıq müxtəlif cinayət təqibləri də var. Hazırda Ermənistanda hüquq-mühafizə orqanları Paşinyanın siyasi diktatura alətinə çevrilmiş vəziyyətdədir. Düşünürəm ki, bu proses  Ermənistan hakimiyyəti daxilindəki ikitirəliyi və xaosu daha da gücləndirəcək".  

Aynurə Pənahqızı