Böyük yanlışlığa yol verilir

İran-Azərbaycan və Türkiyə münasibətlərini gərginləşdirənlər düşmən dəyirmanına su tökən fitnəkarlardır
"Mən inanıram ki, Türkiyə, İran və Azərbaycanın ağıllı adamları, gerçək başbilənləri tezliklə bir araya gələrək bu 3 ölkədə körüklənən fitnə alovunu söndürməyə nail olacaqlar"
"Kim düşünürsə ki, İran-Azərbaycan münasibətlərinin gərginləşdirilib düşmənçiliyə çevrilməsindən İran, Azərbaycan və ya Türkiyə qazanacaq, çox böyük yanlışlığa yol verir. Bu qarşıdurmada uduzan elə İran, Azərbaycan və Türkiyə olacaq”. 

Bu sözləri politoloq Elxan Şükürlü bir müddətdir İran və Azərbaycan arasında yaşanan gərginlik haqda danışarkən deyib. Onun sözlərinə görə, İran-Azərbaycan münasibətlərinin gərginləşdirilməsi və düşmənçiliyə çevrilməsi tarixin təkərini yenidən XVI əsrə - Səfəvi-Osmanlı müharibələrinə, sünni-şiə qarşıdurmasına aparmaq cəhdidir:

 "Onda da müsəlman türkün qılıncı müsəlman türkün başını kəsirdi, indi də Arazın o tayındakı müsəlman türk bu tayındakı müsəlman türkü, bu taydakı da o taydakının başını kəsməklə hədələyir. Heç anlayan varmı bu təhdid və gərginliyin bizi - ölkələrimizi və xalqlarımızı hara apardığını, hansı faciələrə götürdüyünü?! İrandan atılacaq raketlər yalnız "sionist türk” əmi dəyəcək, ya Azərbaycandan qaldırılan dron 40 milyon türkün yaşadığı bir coğrafiyada ancaq fars əsgərinimi arayıb vuracaq? Bəs, özünü müsəlmanların qoruyucusu elan etmiş qardaş Türkiyə kimi bombardman edəcək – türk-müsəlman qardaşınımı? Odur ki, bu yalançı millətçilik hissələrinizi, pafos və şüarçılığınızı bir kənara tullayıb, təhrikçi və qızışdırıcı mövqedən əl çəkin!”.
 Politoloqun fikrincə, İran ilə Azərbaycan arasında gərginliyi artırmaq Türkiyədə FETÖ-yə, İranda din pərdəsi altında farsçılıq ideologiyasını yayanlara, Azərbaycanda isə Ermənistan qarşısında mövqeyimizin zəifləməsini istəyənlərə daha çox gərəkdir: "Elə hər üç ölkənin mediasında da məhz bu çevrəyə daxil jurnalist və siyasətçilər daha çox fəallıq edirlər, gerçək türk təəssübü çəkənlər yox! İnanmırsınızsa, bir özünüz ən çox qışqıranların kökünü və əlaqələrini araşdırın. Mən inanıram ki, Türkiyə, İran və Azərbaycanın ağıllı adamları, gerçək başbilənləri tezliklə bir araya gələrək bu 3 ölkədə körüklənən fitnə alovunu söndürməyə nail olacaqlar. İstənilən bir millətə mənsub şəxsi, o cümlədən bir türkü milləti və məzhəbi ilə üz-üzə gətirib seçim qarşısında qoymaq ən böyük fitnəkarlıqdır!”.
Aynurə Pənahqızı