Sensasion iddia:“İran Zəngəzur dəhlizinə ordu yeritmək istəyir”

“Dəfələrlə "Ermənistanın ərazi bütövlüyü İranın qırmızı cizgisidir" dediyi hamıya bəllidir”

“Hesab edirəm ki, bu addım İran rejimi tərəfindən atılacaq. Ona görə Azərbaycan və Türkiyə buna hazır olmalıdır"


"İranın son dövrlər daha da açıq şəkildə apardığı anti-Azərbaycan siyasəti qarşısında yeni addımlar atması  heç də təsadüfi  deyil". 

Bu sözləri "Sherg.az"a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov ötən gün İran Azərbaycan tərəfinə rəsmi hərbi kanallar vasitəsilə Naxçıvana daha çox hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələrin uçuşuna qadağa qoyulması məsələsini şərh edərkən deyib. Analitik diqqətə çatdırıb ki, İranın Naxçıvanda periodik keçirilən Azərbaycan-Türkiyə hərbi təlimlərinin qarşısını almağa cəhd üçün bu addımı atdığı şübhəsizdir: 

"Naxçıvanın təchizatı hava yolu ilə müxtəlif marşrutlarla təmin edilir. Tək Türkiyə hava sahəsi buna kifayətdir. Məsələnin mahiyyəti onda deyil ki, kimsə kiməsə məhdudiyyət qoyur. Mahiyyət odur ki, İran bu addımları atmaq üçün çoxdan bəhanə axtarırdı. Son gərginliklə bu bəhanəni əldə edib. Molla rejimi bununla kimin yanında olduğunu açıq deməkdən çəkinmir". 

A.Qasımov bildirib ki, İran vəziyyəti süni şəkildə gərginləşdirməklə planlaşdırdığı addımları atmağa zəmin hazırlayır: 

"Cənub qonşumuz Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçün müəyyən addımlar atmalıdır. Bu məqsədlə Ermənistanın “torpaq bütünlüyü”nün qorunması adı altında Zəngəzur dəhlizinə ordu yeritmək istəyir. Dəfələrlə "Ermənistanın ərazi bütövlüyü İranın qırmızı cizgisidir" dediyi hamıya bəllidir. Hesab edirəm ki, bu addım İran rejimi tərəfindən atılacaq. Ona görə Azərbaycan və Türkiyə buna hazır olmalıdır".