Heç bir dövlət işimizə qarışa bilməz

Azərbaycan İsraillə daha yaxşı münasibətlər quracaq

İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Svi Qarabağda guya İsrail hərbçilərinin olması barədə xəbərləri fantaziya adlandırıb. Səfir vurğulayıb ki, bu cür iddiaların dilə gətirilməsi böyük sərsəmlikdir: “Əgər biz Qarabağ bölgəsindən danışırıqsa, orada rusiyalılar və türkiyəlilər (hərbçilər) var. Odur ki, hesab edirəm ki, onlarda hansısa fantaziyalar olarsa, onlar həmin yerdə Marsdan gəlmələrin də olduğunu deyə bilərlər”. Azərbaycanın İsrail və Türkiyə ilə çox yüksək münasibətləri var. 

Lakin bu münasibətlərin biri digərinə problem yaratmır. Azərbaycanın əlaqələri üçüncü tərəfə qarşı çevrilməyib. Həmçinin, Azərbaycan heç bir dövlətin kiminlə dostluq edib-etməməsinə qarışmır, sorğulamır. İsrail-Azərbaycan münasibətləri strateji xarakter daşıyır, dövlətlərarası, siyasi və hərbi-texniki tərəfdaşlığımız isə ən yüksək səviyyədədir. Azərbaycana açıq dəstək verən ölkələrdən biri də İsraildir. Bu ölkənin siyasi və ictimai elitası, işğal altındakı torpaqlarımızı xilas etmək məsələsində daim Azərbaycanın yanında yer alıblar. 

İsrail nəinki siyasi dəstək verib, hətta müharibə gedən dövrdə Azərbaycana zəruri dava-dərman partiyası da göndərməklə köməyini əsirgəməyib. İsrail Azərbaycanın müstəqilliyini 29 il bundan əvvəl tanıyan ilk ölkələrdən biri olub və biz bu faktı çox yüksək dəyərləndiririk. Ölkələrimiz arasında sıx, etibarlı və hər iki tərəf üçün faydalı əməkdaşlıq mövcuddur. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra biz müharibədən sonrakı dövrə qədəm qoyduq və bu dövrdə dost ölkələrə, xüsusən İsrail şirkətlərinə geniş meydan verdik. 

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Şərq”ə deyib ki, İsrailin Rusiyadakı səfiri İranın Azərbaycanda İsrailin mövcudluğu barədə sərsəmləmələrinə tutarlı cavab verib:

 “Ondan əvvəl ölkə başçısı da bu yalanla bağlı İrana sərt təpki verdi. İran uzun illərdir Ermənistana hərtərəfli dəstək verərək Azərbaycanı kürəyindən vurub. İndi də Azərbaycana hədə-qorxu gəlməyə qalxıb. Biz zəif, geridə qalmış İrandan qorxmuruq. İranın da heç bir haqqı yoxdur ki, Azərbaycanın daxili işlərinə burnunu soxsun. Azərbaycanın həm Türkiyə, həm İsrail, həm də Pakistanla, başqa bir sıra ölkələrlə yaxşı münasibətləri var və bu münasibətlər davam edəcək. İranın isə yalnız zəif, heç bir potensialı olmayan Ermənistanla yaxşı münasibətləri var ki, bu da onlara heç nə verməyəcək”.