Putin-Rəisi görüşü: Nələr müzakirə olunacaq? – ŞƏRH  

Rusiya və İran prezidentlərinin görüşü olacaq. Bu barədə Moskvada səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian rusiyalı həmkarı Sergey Lavrovla birlikdə keçirdiyi brifinqdə məlumat verib."Tezliklə İran Prezidenti İbrahim Rəisi ilə Rusiya Prezidenti Vladimir Putin bir araya gələcək", - İran XİN başçısı əlavə edib.Xatırladaq ki, nazirlər Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər.

Görüşdə müzakirə ediləcək məsələlərin çox olduğunu söyləyən Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, Cənubi Qafqazda yaranmış yeni vəziyyət və bu duruma uyğun olaraq Rusiya ilə İranın fəaliyyətinin uzlaşdırılmasından söhbət gedəcək:

“Perspektivdə İranın Ermənistana yardımlarının artması, atom nüvə proqramına dair məsələlərdən doğan əhatəli razılaşma planının təsdiqlənməsi və bundan irəli gələn sanksiyaların aradan qaldırılması barədə söhbət gedəcək. Çünki ötən gün Rusiya XİN başçısı ilə ABŞ dövlət katibi Entoni Blinken arasında da İranın nüvə proqramı ilə bağlı məsələ müzakirə olunub. Həm Rusiya, həm ABŞ İranın nüvə proqramının dinc məqsədli olması və İranın üzərinə düşən öhdəliyi yerinə yetirməsində eyni mövqedən çıxış edirlər. Ona görə də bu məsələnin müzakirə edilmə ehtimalı var”.

S.Soltanın fikrincə, şübhəsiz ki, Türkiyə və Rusiya prezidentlərinin Soçidəki görüşü ilə bağlı da fikir mübadiləsi aparıla bilər:

“Məlumdur ki, Suriyanın İdlib əyaləti Türkiyə ilə həmsərhəddir və İdlibdə terrorçular var. Türkiyə, Rusiya və İran 2016-cı ildə bu istiqamətdə birgə fəaliyyət göstərəcəkləri üçün razılığa gəlmişdi. Amma son zamanlar Bəşər Əsədin və Rusiyanın İrana dəstəyindən oradakı silahlılar Türkiyə hərbçilərinə qarşı problemlər yaradır. Türkiyə və Rusiya prezidentləri Soçidə İdlib məsələsini müzakirə etdilər. Bundan sonra Lavrov bəyan etdi ki, Rusiya İdlibdəki terrorçuların getməsini istəyir. Hesab edirəm ki, görüşdə müzakirə olunacaq məsələlərdən biri də İdlibdən terrorçuların çıxarılmasıdır. Eyni zamanda Rusiya və İran arasında iqtisadi və .s əməkdaşlıqdan da söhbət gedəcək”.