“İran Azərbaycanı sıxışdırmağa çalışır, amma...”

Məlum olduğu kimi, İran Azərbaycana Naxçıvana hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələrin uçuşuna qadağa qoyub. Hərbi dairələrdən verilən məlumata görə, İranın Azərbaycana qarşı növbəti xəyanəti Ermənistanın diqtəsi ilə həyata keçirilib.İran nəqliyyat-tranzit məsələlərində Azərbaycan ərazisindən daha çox istifadə edir. 

Bu, əsasən, Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilən daşımalarda özünü göstərir."İranın Azərbaycana növbəti dəfə zərbə vurmaq cəhdi Naxçıvandakı hərbi hissələrin təchizatına bir o qədər də təsir göstərməyəcək. Azərbaycan bu marşrutdan çox az istifadə edir və daha çox digər marşrutlar üzrə daşımalara üstünlük verir" - deyə mənbə bildirib.

İranın Azərbaycana növbəti xəyanətini “Sherg.az”a şərh edən BDU-nun Jurnalistika fakültəsinin professoru, siyasi elmlər doktoru Sabir Məmmədli bildirib ki, rəsmi Tehran Azərbaycanın əsas hissəsi olan Naxçıvanla əlaqələrinin daha intensiv olmasını istəmir: 

“Baş verənlər İranın “kartları” açıq şəkildə oynadığını göstərir. İran işğalçılara, hətta qondarma rejimə hər zaman dəstək verib, ənənəvi olaraq Türkiyənin Azərbaycanın Cənub hissəsindən türk dünyası ilə əlaqələrinin olmasına qarşı çıxış edib. Rəsmi Tehran son dövrlər Fars körfəzi və Qara dəniz kommunikasiya xətti üzərində çalışır. Yəni yük daşımalarını Fars körfəzi kommunikasiyalar ilə Ermənistan və Gürcüstan üzərindən Qara dəniz sahillərində çatdırmaq, oradan da Avropa ölkələrinə ötürmək məqsədini güdür. Hətta bu prosesə Yunanıstan da qoşulub. Paşinyanla Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin görüşündə bu məsələ də müzakirə obyekti olmuşdu”.

S.Məmmədli qeyd edib ki, İran Türkiyənin İğdırdan Naxçıvan və Zəngəzur vasitəsilə Xəzər dənizi sahilləri və Orta Asiya dövlətləri ilə əlaqə yaratmaq imkanını qısqanır:

“Naxçıvana gedən təyyarələrin uçuşuna qadağa qoyulma səbəbi də bununla bağlıdı. İran müxtəlif vasitələrlə Azərbaycanı sıxışdırmağa çalışır. Eyni zamanda Araz boyu torpaqlarımızda yenidənqurma işlərinin ləngiməsini istəyir. Ona görə də qətiyyən sərhədayanı bölgələrimizdə məskunlaşma və iqtisadi proseslərin getməsini istəmirlər. Belə etməklə məqsədlərinə nail olacaqlarını düşünürlər”.