Lavrovun açıqlamaları Tehranı məyus edib

Kreml İranın hərbi təlimlərindən məmnun olmadığını gizlətmir

“Kreml “3+3” formatını gündəmə gətirməklə, Zəngəzur dəhlizi ilə bağlı mövqeyini ictimailəşdirmiş oldu”. Bu barədə siyasi şərhçi Elçin Xalidbəyli deyib. Ekspert bildirib ki, Moskva for-postu Ermənistanda İranın təsir imkanlarının artması ilə barışmır. Ermənistanda İranın hərbi iştirakı da qətiyyən mümkün deyil. Analitikin sözlərinə görə, Ermənistanın “giriş qapıları”nın açarları Kremlin əlindədir: “Digər tərəfdən, rəsmi İrəvanın strateji müttəfiqliyə can atdığı ABŞ da İranın Ermənistana yerləşmək cəhdlərinə tolerant yanaşmaz. Bu halda Ermənistan Amerikanın himayə etdiyi ölkələrin sırasından dərhal çıxarılar. Hətta rəsmi İrəvanın müxtəlif istiqamətlər üzrə sərt şəkildə cəzalandırıla biləcəyi də qətiyyən istisna deyil.
Göründüyü kimi, İranın Cənubi Qafqaz hədəfləri və siyasəti kifayət qədər ciddi problemlərlə qarşı-qarşıyadır. Böyük ehtimalla rəsmi Tehran da bu reallığı nəzərə alır. Ona görə də Cənubi Qafqazda rolunun və fəaliyyətinin önünü açmaq üçün Rusiya ilə anlaşmağa çalışır. İranın Xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Rusiyaya səfərində bu məqsədin əsas hədəf olduğu şübhə doğurmurdu.
 Ermənistanda da bu səfərin nəticələrinə böyük ümidlər bəsləyirdilər. Ancaq Rusiyanın xarici işlər naziri ilə görüşün nəticələrinin İran tərəfi üçün uğurlu olduğunu iddia etmək çox çətindir. Çünki görüşdən sonra Rusiya Xarici işlər naziri Sergey Lavrov Kremlin mövqeyini çox konkret və dəqiq şəkildə ifadə edib. O bildirib ki, Cənubi Qafqaz regionunda sabitlik Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladığı üçtərəfli anlaşmalarla tənzimlənir. Kreml rəsmisi bununla Rusiyanın regionda hər hansı kənar ölkənin geopolitik iştirakını istəmədiyinə diplomatik şəkildə eyham vurub”.
Siyasi təhlilçinin qənaətincə, Lavrov Rusiyanın regionda hərbi aktivliyin artırılmasına qarşı olduğunu da birmənalı şəkildə vurğuladı:

 “Kreml İranın Azərbaycan sərhədləri yaxınlığında keçirdiyi hərbi təlimlərdən qətiyyən məmnun olmadığını gizlətmir. Həmin təlimlərin təxribat xarakteri daşıya biləcəyinə üstüörtülü eyham vurur. Üstəlik, diplomatik şəkildə bu hərbi təlimlərin Azərbaycana qarşı yönələ biləcək addıma çevrilməsini istəmədiyinin mesajını da verir. Sadə dillə desək, Kreml İrana “Azərbaycana toxunmaq olmaz” xəbərdarlığını etmiş olur. Maraqlıdır ki, Lavrov İranın Cənubi Qafqazın gələcək imkişaf prosesində iştirak şansını da tamamilə qapatmayıb. Əksinə, rəsmi Tehrana İranın regiona yolunu aça biləcək yeganə variantı növbəti dəfə təkrarlayıb. Kreml təmsilçisi İrana “3+3” formatına qoşulmağı təklif edib. Bunun İran üçün yeganə regional iştirak formatı olduğuna eyham vurub”.

E.Xalidbəylinin fikrincə, Kreml İranı regionda geopolitik oyunçu kimi qəbul etmək niyyətində deyil. Ancaq Cənubi Qafqazda iqtisadi-ticari əməkdaşlıq qapısını da açıq buraxır: 

“Bu, İranın hərbi-siyasi təhdidlərlə Cənubi Qafqazda geopolitik oyunçuya çevrilmək planlarının üzərindən xətt çəkilməsi anlamına gəlir.
Rusiya xarici işlər nazirinin iranlı həmkarı ilə görüşdən sonra verdiyi açıqlamalar Ermənistanı məyus edəcək məzmundadır. Bir tərəfdən aydın oldu ki, Ermənistanın İrana bəslədiyi böyük ümidlərin doğrulmasına Rusiyanın imkan vermək niyyəti yoxdur. Yəni rəsmi İrəvan İrana güvənib, regionda geopolitik situasiyanı dəyişmək cəhdlərindən imtina etmək məcburiyyətində qalacaq. Bu baxımdan, Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanın Tehranda verdiyi açıqlamaların hamısı öz əhəmiyyətini itirmiş oldu. Eyni zamanda, rəsmi İrəvanın israrla Zəngəzur dəhlizinə qarşı çıxması da artıq mənasız cəhdlərdən başqa bir şey deyil. Ermənistan tərəfi üçtərəfli anlaşmalarda Zəngəzur dəhlizinin müzakirə edilmədiyini, Rusiyanın da rəsmi İrəvanla eyni mövqeni bölüşdüyünü iddia edirdi.
Ancaq Rusiya xarici işlər nazirinin son açıqlamaları tamamilə fərqli məzmun daşıyır. Kreml təmsilçisi iranlı nazirə “3+3” formatını xatırlatmaqla, əslində həm də Rusiyanın Zəngəzur dəhlizinin açılmasında maraqlı olduğunu növbəti dəfə təsdiqləmiş oldu. Məsələ ondadır ki, sərhəd təmasları olan üç region ölkəsini - Azərbaycan, Gürcüstan və Ermənistanı bir kənara qoysaq, Türkiyə, Rusiya və İran yalnız Zəngəzur dəhlizi üzərindən bir-biri ilə nəqliyyat-kommunikasiya əlaqəsi qura bilərlər. Əks halda, belə bir əlaqə sadəcə, mənasız və faydasız xəyaldan başqa bir şey olmazdı. Bütün bunlar onu göstərir ki, Rusiya öz strateji maraqlarını heç də Ermənistanın bitib-tükənməyən iddialarına qurban vermək niyyətində deyil. Müasir dünyanın yeni düzəni Azərbaycan və Türkiyənin Rusiya üçün əhəmiyyətini ciddi şəkildə artırıb”.