“İranın regional sıxışdırılması prosesi gedir” – Sanksiya!

“Gürcüstan İran yükmaşınlarının ölkəyə girişinə qadağa qoyur, Türkiyə isə İranla sərhədlərini bağlayır”

“Üstəgəl, Azərbaycan Gorus-Qafan yolunda Ermənistana girən İran avtomobillərini yoxlayır vəTehranın xarici ticarət əlaqələrində tempi aşağı düşür” 

“İran Kremlin cızdığı qırmızı xətləri keçdi"

Yaxın gələcəkdə İran Prezidenti İbrahim Rəisi ilə Rusiya Prezidenti Vladimir Putinin görüşü baş tutacaq. Bu barədə məlumatı İranın xarici işlər naziri Əmir Abdullahian Moskvada rusiyalı həmkarı Sergey Lavrov ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında verib. Ə. Abdullahian diqqətə çatdırıb ki, rusiyalı həmkarı ilə beynəlxalq və regional məsələlərlə yanaşı, ikitərəfli əlaqələrin inkişafı yollarını da müzakirə ediblər. Bəs, bu görüşdən gözləntilər nələrdi?

Suallımızı cavablandıran siyasi-şərhçi Aqşin Kərimov "Şərq"ə açıqlamasında deyib ki, Rusiya Prezidenti Vladimir Putinlə iranlı həmkarı İbrahim Rəisi arasında görüş Tehranın regiondakı mövqelərinin zəifləməsi zamanına təsadüf edir: 

"İran istəyir ki, Bakının müttəfiqlərinin Azərbaycanı dəstəkləməsi fonunda yaranan gərginlikdə Rusiyadan dəstək qazansın. Ancaq, İranın məcburi güzəştlərə gedəcəyi və mövqeyində dəyişiklik etməsi qaçılmaz görünür. Çünki İranın regional sıxışdırılması prosesi gedir, Gürcüstan İran yük maşınlarının ölkəyə girişinə qadağa qoyur, Türkiyə isə İranla sərhədlərini bağlayır. Üstəgəl, Azərbaycan Gorus-Qafan yolunda Ermənistana girən İran avtomobillərini yoxlayır və Tehranın xarici ticarət əlaqələrində tempi aşağı düşür. Sanksiyalar içərisində çapalayan İran üçün bu, böyük zərbədir. Onun hərbi güc nümayişi isə ona faydadan çox ziyan gətirir, ən azından nəzərə alaq ki, genişmiqyaslı təlimlər böyük xərc tələb edir. İrana regiondan kənar dövlətlərdən də həmişəki kimi dəstək gəlmir, çünki Tehranla Qərb arasında nüvə danışıqları gözlənilir". 

A.Kərimov əlavə edib ki, bölgədə baş verən proseslər isə Qərbin müzakirələrdə əlini gücləndirən faktorlardır: 

"İran Çindən dəstək görə bilər ki, bunun da əsaslı nəticələr hasil edən məcraya gəlib çıxacağını güman etmək olmur. Gərgin proseslərin gedişatı İran üçün “əcəl zəngidir”, Rəisinin Putinlə görüşü İranın siyasi taleyini həll edəcək: Ümidsiz qalan Tehran ya Moskvadan ciddi dəstək alacaq ya da ki, mövqeyində qalaraq təklənməyə davam edəcək. Birinci versiya real görünmür. Rəisinin Putinlə görüşündə zamanlama məsələsi də önəmlidir, hələlik İran Prezidentinin səfərinin tarixi dəqiq bəlli deyil. Oktyabrın 22-də İsrailin Baş naziri Naftali Bennettin Moskvaya səfəri gözlənilir. Sözsüz ki, Bennet İranın sıxışdırılması və Rusiyanın nüvə danışıqlarında və regiondakı proseslərdə İranın maraqlarına qarşı çıxış etməsi üçün reseptlər verəcək. Digər tərəfdən, İran Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlməsindən sonra maraqlarını Moskva ilə birgə koordinasiya etmək istəyir və regiona Rusiya ilə müttəfiq kimi daxil olmaq niyyətindədir. Ancaq Tehran Cənubi Qafqazdakı proseslərdən sonra Əfqanıstanla bağlı maraqlarının icrasını qeyri-müəyyən müddətə təxirə salır. Əgər İsrailin baş naziri Rəisidən öncə Moskvaya səfər edərsə, bu, Rəisinin Putinlə danışıqlarda arqumentlərini boşa çıxaracaq. Yox, əgər Rəisi İsrail baş nazirindən əvvəl səfər edəcəksə, bu zaman da onun uduşlu çıxacağını söyləmək olmaz. Çünki İsrail lideri Rəisidən sonra səfər edəcəksə, bu o deməkdir ki, Putin-Rəisi görüşünün detallarını öyrənib daha güclü arqumentlərin toplandığı portfellə Kremlə gedəcək". 

Analitik vurğulayıb ki, Rusiya son proseslərdə Azərbaycanı dəstəklədi, hərçənd ki, proseslər həm də Moskvaya siyasi mənfəət gətirirdi: 

"Rusiya indi Azərbaycan-İran gərginliyinin azaldılması üçün özünü proseslərə əhəmiyyətli təsir edən güc olmasına dair təəssüratlar yaradır, ancaq pərdəarxasında məsələ tamamilə fərqlidir. Rusiya Cənubi Qafqazda Qərbin, İsrailin İrana qarşı cəbhə açmasının ona iqtisadi ziyanlar gətirəcəyini hesablayır, ona görə də Bakı-Tehran gərginliyinin azaldılmasında təşəbbüskar kimi çıxış edir. Siyasi maraqlarına gəlincə, proseslərdən sonra Rusiya sülhməramlılarına dair müzakirələr səngidi, Moskva fürsətdən yararlanıb Xankəndi məsələsini bir qədər gündəm müzakirələrdən Ancaq Xankəndi Bakının gündəmindən çıxmayıb, bunu da Moskva anlayır. Bəlkə də İran-Azərbaycan münasibətlərinin rənginin tündləşməsi Moskvanın planlarına daxil idi, amma görünür ki, İran Kremlin cızdığı qırmızı xətləri keçdi".