ABŞ düyməyə basdı: “Ərəb baharının” ardınca “Mərkəzi Asiya” xəzanı gözlənilir

"Tacikistanda fəaliyyət göstərən və "Taliban”a yaxınlığı ilə seçilən "Camaat Ənsarullah" qruplaşmasının lideri Mehdi Arsalan ölkədə hakimiyyəti ələ keçirməyə hazır olduğunu bəyan edib. Arsalanın belə bir açıqlama verməsi özlüyündə ciddi bir hadisədir". Bu fikirləri "Sherg.az"a açıqlamasında siyasi-şərhçi Turan Rzayev deyib. Onun sözlərinə görə, məsələ ondadır ki, Əfqanıstanda "Taliban"ın hakimiyyəti birdən-birə heç bir müqavimət ilə üzləşmədən ələ keçirməsi bütün dünyanı təəccübləndirmişdi. 

Hətta mən deyərdim "Taliban"ın özü üçün də bu gözlənilməz oldu. Çünki rəsmi Vaşinqton özü buna birbaşa şərait yaratdı. Vaşinqton bir sözlə, Əfqanıstan hakimiyyətini "Taliban"a güzəştə getdi. Lakin sual yaranır. Nəyin qarşılığında?  Aydın məsələdir ki, ABŞ müttəfiqlərinə belə qarşılıqsız heç nəyi güzəşdə getmir. O ki qaldı düşmənlərinə. 

ABŞ "Taliban"a Əfqanıstanı güzəşdə gedərək ondan Çinə qarşı istifadə etmək istəyir. Çinin "Bir kəmər, bir yol" layihəsinin günü-gündən inkişaf etməsi ABŞ-ı ciddi narahat edir. Bu layihə gerçəkləşsə, dünya ticarəti böyük coğrafi kəşflərdən öncəki dövrdə olduğu kimi, dənizlərdən quruya keçəcək. 

Bu da öz növbəsində ABŞ üçün sonun başlanğıcı və dünya hegemonluğunu itirmək deməkdir. Rəsmi Vaşinqton buna görə də Çinin "Bir kəmər, bir yol" layihəsinin şah damarı hesab edilən Mərkəzi Asiya xəttini sabotaj etmək istəyir". 

T.Rzayev qeyd edib ki, ABŞ bunu birbaşa özü etmək istəmir: 

" Ənənəvi "parçala və hökmranlıq et" siyasətindən istifadə edən Vaşinqton bu istiqamətə "Taliban"dan istifadə etmək niyyətindədir. 

Yəni ABŞ "Taliban"dan Mərkəzi Asiya ölkələrində dini ekstimist qruplaşmalar yaradaraq radikal qüvvələri hakimiyyətə qarşı qaldırıb "ərəb baharı" tərzində Mərkəzi Asiya senarisini qurmaq istəyir.  

Tacikistanda fəaliyyət göstərən və "Taliban”a yaxınlığı ilə seçilən "Camaat Ənsarullah" qruplaşmasının lideri Mehdi Arsalanın ölkədə hakimiyyəti ələ keçirməyə hazır olduğunu bəyan etməsi də düşünürəm, məhz bu planın artıq işə düşdüyü mənasına gəlir. Mehdi Arsalan əgər ki, Tacikistanda qanuni hökuməti devirə bilsə, bu Mərkəzi Asiya üçün domino effekti olacaq.

  Ard-arda biz Özbəkistan, Qırğızıstanda da bənzər prosesin şahidi ola bilərik".