Rəsmi Tehrana vəziyyəti anlatdılar

Moskva İranın Azərbaycan ilə sərhədyanı bölgələrdə silahla davranışlarını müsbət qarşılamır

“Rusiya da regionda sülh və əmin-amanlığın olmasında maraqlıdır”. Bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla apardığı danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Lavrov deyib ki, Azərbaycan tərəfinin də İranın Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlər keçirməsi ilə bağlı narahatlığı var. Rusiya XİN başçısı xatırladıb ki, Xəzərin hüquqi-statusu ilə bağlı Konvensiya Xəzər dənizində xarici dövlətlərin hərbi qüvvələrinin mövcudluğunu qadağan edir. 

Silahlı Qüvvələrin keçmiş hərbi polis rəisi, ehtiyatda olan polkovnik Rövşən Məmmədov “Şərq”ə açıqlamasında deyib ki, İranın Ermənistanın, guya, ərazi bütövlüyünü müdafiə etmək haqqında birdən-birə yaranmış iddiaları Rusiyanın mövqeyi ilə ziddiyyət təşkil edir. Polkovnikin sözlərinə görə, Ermənistan ərazisinin təhlükəsizliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərinin, ilk növbədə Rusiyanın təminatı altındadır: 

“Rusiyanın XİN rəhbəri iranlı həmkarı ilə danışıqlar zamanı rəsmi Tehranı başa saldı ki, rəsmi Moskva İranın Azərbaycan ilə sərhədyanı bölgələrdə silahla davranışlarını müsbət qarşılamır. Cənubi Qafqaz regionunda vəziyyətin sabitləşdirilməsinin ən vacib amili kimi nəqliyyat kommunikasiyalarının, o cümlədən Zəngəzur dəhlizinin açılmasını görür”.